Yaponiya hökuməti nüvə obyektində sızmanın qarşısını almaq üçün maliyyə ayırıb

Yaponiya hökuməti Fukuşima nüvə elektrik stansiyasında radioaktiv suyun təkrar sızması problemini həll etmək üçün 470 milyon dollar maliyyə vəsaiti ayırmağı planlaşdırır.

Baş nazir Şinzo Abe nikbinliyini ifadə edib və hökumətin maliyyəni artırmasının vəziyyətin yaxşılaşmasına kömək edəcəyini deyib.

Obyekti idarə edən Tokio Elektrik Enerji şirkəti 2011-ci ildə zəlzələ nəticəsində zədələnən reaktoru soyutmaq məqsədilə istifadə edilən böyük həcmdə suyu saxlamaq kimi çətinliklə qarşılaşmışdı.

Tokio Elektrik Enerji şirkəti yüksək səviyyədə zəhərli suyu saxlamaq üçün xüsusi hazırlanmış tankerlərdə bir neçə yerdə sızma aşkar edib. Təxminən 1000 tankerdə 330 min ton radioaktiv su saxlanır.