Gənc fəallar keçmiş YAP-ın qərargahında aksiya keçirib

Oktyabrın 13-də NİDA və D18 Hərəkatının bir sıra gənc fəalları Yeni Azərbaycan partiyasının keçmiş qərargahının yerləşdiyi binanın qarşısında aksiya keçiriblər.

Gənc fəallar Azərbaycanda AXCP üzvləri Niyaməddin Əhmədovun və Fuad Əhmədlinin, o jurnalist, ictimai fəal Anar Abdullanın, eləcə də digər siyasi məhbusların həbsinə etiraz ediblər.

Bundan əlavə gənclər Respublika Gününün adının dəyişdirilməsinə etiraz ediblər.

Fəallar hesab edir ki, ardıcıl və məqsədli şəkildə həyata keçirilən bu həbslər, eyni zamanda ictimai fəalların təqib olunması Azərbaycanda irticaçı rejimin davam etdiyini, islahat ritorikasının sadəcə illuziyadan ibarət olduğunu göstərir.

Polis gənc fəalı aksiya zamanı saxlayıb

Aksiya iştirakçıları Rədd olsun irtica! Yaşasın Cümhuriyyət! Şüarları səsləndiriblər.

Hadisə yerinə gələn polis gənc fəalları saxlayaraq, əlləri ilə onların ağzını bağlayaraq binanın qarşısından uzaqlaşdırıblar.

Polis gənc fəalı aksiya zamanı ağzını əli ilə bağlayır

Saxlanılan aksiya iştirakçılardan biri Rüstəm İsmayılbəyli Facebook səhifəsində hazırda polis şöbəsinə aparıldığını yazıb.

Gənc fəallar aksiya keçirib

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin k ütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Turan"a aksiya iştirakçıların saxlanması ilə bağlı deyilənləri təkzib edib: "Onlar ərazidən uzaqlaşdırılıb".

Məsələyə hələlik YAP rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Öz növbəsində, Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu, siyasi iradəsinə görə təqiblərin olmadığını bəyan edir. Yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, hazırda ölkə həbsxanalarında 100-dən çox siyasi məhbus var.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir. Ondan çox insan Amnesty International (Beynəlxalq Əfv) hüquq-müdafiə təşkilatı tərəfindən “vicdan məhbusu” elan edilib.