Azərbaycanda Ümumxalq Matəm günüdür. Dövlət bayraqları yarıyadək endirilib.
On minlərlə insan, o cümlədən ölkə prezidenti, Milli Məclisin deputatları, xarici diplomatik korpusun nümayəndələri 1990-cı il yanvarın 20-də həlak olan şəhidlərin xatirəsini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edib.
20 Yanvar şəhidlərinin xatirəsinə ölkə ərazisində bir dəqiqə ərzində bütün hərəkət dayandırılıb. Qatarlar, avtomobillər, gəmilər fit çalıb.
Azərbaycan təhdid altındadır. İndi də vəziyyət çox gərginləşib. Böyük dövlətlərin, böyük siyasi güclərin Azərbaycanda maraqları toqquşur.Etibar Məmmədov, Xalq Hərəkatının lidelrərindən
Müşahidəçilər hesab edir ki, faciəyə siyasi qiymət verilsə də hüquqi qiymət hələ də verilməyib.
Ülvi Nağıyev 20 Yanvar hadisələri zamanı şəhid olan Zahid Əliyevin qohumudur. O, 20 Yanvar hadisələrinə beynəlxalq miqyasda hüquqi qiymət verilməsini istəyir.
“Nəinki 20 Yanvar hadisələrinə, eyni zamanda Xocalı soyqırımına beynəlxalq müstəvidə hüquqi qiymət verilməli, günahkarlar cəzalandırılmalıdır,” o, Amerikanın Səsinə bildirib.
Your browser doesn’t support HTML5
Etibar Məmmədov Azərbaycan Xalq Hərəkatının liderlərindəndir. O, 20 Yanvar hadisələrindən sonra həbs edilib. Cənab Məmmədov hesab edir ki, 20 Yanvar hadisələrinə hüquqi qiymət sonadək verilməyib.
“1994-cü ildə Milli Məclis 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət versə də, hüququ qiymətin icrası hələ başa çatmayıb. 1990-cı ildə qaldılan cinayət işi hələ də açıqdır.”
Etibar Məmmədov 20 Yanvar hadisələrinin tarixi dərslərindən danışarkən deyib ki, Azərbaycanın müstəqil dövlət kimi yaşamasında maraqlı olmayan qüvvələr var.
“Bu səbəbdən həmişə hazır olmaq lazımdır. Azərbaycan təhdid altındadır. İndi də vəziyyət çox gərginləşib. Böyük dövlətlərin, böyük siyasi güclərin Azərbaycanda maraqları toqquşur,” o, Amerikanın Səsinə deyib.
Azərbaycan xalqı müstəqil dövlətini qurmaqla 20 Yanvar hadisələrinin siyasi qiymətini verib. Lakin bu kifayət deyil. Siyasi qiymətin tamamlanması üçün Azərbaycan demokratik və rifah halı yüksək olan bir cəmiyyət qurmalıdır. Cümhuriyyətin təməllərini möhkəmlətməlidir.İlqar Məmmədov, ReAL Partiyasının sədri
ReAl Partiyasının sədri İlqar Məmmədovun fikrincə, 20 Yanvar hadisələrinin siyasi nəticəsi ölkənin müstəqilliyinə qovuşmasıdır.
“Azərbaycan xalqı müstəqil dövlətini qurmaqla 20 Yanvar hadisələrinin siyasi qiymətini verib. Lakin bu kifayət deyil. Siyasi qiymətin tamamlanması üçün Azərbaycan demokratik və rifah halı yüksək olan bir cəmiyyət qurmalıdır. Cümhuriyyətin təməllərini möhkəmlətməlidir. Hal-hazırda cümhuriyyətin təməlləri sarsılıb. Hüquqi qiymətinə gəlincə, hadisələrdən 30 il keçib, amma Azərbaycan hakimiyyətində cəsarət olmadı ki, məsuliyyət daşıyan bütün insanların adını çəksin,” İlqar Məmmədov Amerikanın Səsinə bildirib.
Jurnalist Kərim Kərimov Amerikanın Səsinə deyib ki, 20 Yanvarın siyasi qiyməti Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir.
30 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Ordu qüvvələri dinc əhaliyə atəş açıb. 147 nəfər həlak olub, səkkiz yüzdən çox sakin yaralanıb.
Bu il rəsmi təbliğatda faciənin əsas günahkarları kimi keçmiş SSSR-nin rəhbərləri, əsasən prezident Mixail Qorbaçovun adı çəkilir. Eyni zamanda, respublikanın o zamankı rəhbərliyinin ünvanına tənqidlər azalıb.
Keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərliyindən heç kim yanvar faciəsinə görə məsuliyyətə cəlb olunmayıb.
1992-ci il yanvarın 14-də Azərbaycan Baş Prokurorluğu o zamankı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi qaldırıb: 94 (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə), 149 (əmlakın qəsdən məhv edilməsi), 168 (hakimiyyət və vəzifə səlahiyyətini aşma), 255 (hakimiyyətdən istifadə etmə və aşma).
Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra ölkə parlamenti yanvar hadisələrinə siyasi-hüquqi qiymət verib. Buna görə məsuliyyət Mixail Qorbaçov da daxil olmaqla, SSSR-nin keçmiş rəhbərlərinin, həmçinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun üzərinə düşüb. Eyni zamanda, Yevgeni Primakovun adı faciə günahkarlarının siyahısından çıxarılıb.
Faciənin 20-ci ildönümü ərəfəsində Azərbaycan Baş Prokurorluğu məlumat yayıb ki, ilkin istintaq aparan SSRİ Baş Prokurorluğu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmadığını bildirib və işi bağlayıb. İş üzrə materialların, həmçinin ittiham olunan şəxslərin Azərbaycana verilməsi ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanlarına sorğu göndərilib. Lakin Rusiya tərəfi buna cavab verməyib.