London yanğınında ölənlərin sayı 58 nəfər ola bilər

Yanmış binanın sakinləri baş nazir Tereza Mey ilə görüşdən çıxarkən

London polisindən şənbə günü verilən məlumata görə, çərşənbə günü paytaxtın yaşayış binasındakı yanğının nəticəsində ölənlərin sayı 58 nəfər ola bilər. Onlardan 30-unun öldüyü artıq rəsmən təsdiq olunub. Bu, II Dünya Müharibəsindən bəri insanın itkisi sayına görə ən faciəli yanğın hadisəsidir.

Ölənlərin sayı ilə bağlı yeni rəqəm Britaniya baş naziri Tereza Meyin öz ofisində yanğından xilas olmuş insanlarla görüş keçirdiyi vaxta təsadüf etdi. Baş nazirin yanğına verdiyi reaksiyası çoxlarının tənqidinə səbəb olmuşdu.

Tənqidçilərin fikrincə, onlarla insanın ölümünə və yüzlərlə insanın evsiz qalmasına səbəb olan hadisəyə reaksiya çox ləng olub və sakinlərə lazımı dəstək verilməyib.

Baş nazir yanğının səbəbi ilə bağlı instintaqla bərabər, bu hadisəyə dair ictimai dinləmələrin keçiriləcəyinə söz verib. Bundan əlavə, Mey sakinlərə yardım məqsədilə 6.4 milyon dolların ayrıldığını və onların üç həftə ərzində yeni evlərə köçürüləcəyini bildirib.