Məhbəs yoldaşımın hekayəti

Yadigar Sadıqov

Hazırda 14 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan Müsavat Partiyası başqanın müşaviri Yadigar Sadıqov Meydan.tv saytında İrandan olna azərbaycanlının ölkəsinə qaytarılacağı və orada Mahmud Nacini edam gözlədiyi barədə məqalə ilə çıxış edib. Yadigar Sadıqovla eyni cəzaçəkmə müəssisəsində saxlanılan Mahmud Naci siyasi sığınacaq üçün Azərbaycan prezidentinə müraciət edib, amma cavab almayıb.

İranda milli və siyasi hüquqlar uğrunda mübarizə aparan, 10 il həbs həyataı keçirən, edama qarşı çıxan, həbsxanada edamın icrasının fotolarını yayan Mahmud Nacinin mübarizə həyatını əks etdirən məqaləni təqdim edirik.

Mahmud Azərbaycana siyasi sığınacaq almaq məqsədi ilə gəlibmiş. Dediklərinin nə qədər həqiqi olduğunu araşdırmaq imkanım yoxdur. Mən sadəcə ictimaiyyətin diqqətini bu əhvalata yönəltmək, edam astanasında olduğunu iddia edən şəxsi bu müdhiş aqibətdən xilas etmək istəyirəm.

Mahmud Əzizulla oğlu Naci 1982-ci ildə İran İslam Respublikasının Ərdəbil ostanında anadan olub, milliyyətcə azərbaycanlıdır. Zəncan universitetində təhsil alıb. Lakin əmək fəaliyyəti jurnalistikadan ibarət olub. “Keyhan”, “İran”, “Həmşəhri”, “Asiman” qəzetlərində yazıları çap olunub. İslahatlar tərəfdarı, İran azərbaycanlılarının hüquqlarının carçısı kimi tanınıb.

Mahmud Naci edam və qisas (“gözə göz” prinsipi ilə edam) hallarının əleyhdarı olub, bu yöndə fəaliyyət göstərən və əsasən edam olunanların ailə üzvlərinin birləşdiyi təşkilatla sıx əməkdaşlıq edib.

Mahmud Naci edam və qisas (“gözə göz” prinsipi ilə edam) hallarının əleyhdarı olub, bu yöndə fəaliyyət göstərən və əsasən edam olunanların ailə üzvlərinin birləşdiyi təşkilatla sıx əməkdaşlıq edib. 2008-ci ilin prezident seçkiləri zamanı müxalif namizəd Mirhüseyn Musəvinin fəal tərəfdarı kimi etirazlarda iştirak edib, məqalələr yazıb. Buna görə də iğtişaşlara təhrik, milli təhlükəsizliyə hədə ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Məhbəs həyatının 3 ilini Tehranın məşhur Evin, qalanını isə Kərəc şəhərinin Gohərdaş həbsxanalarında keçirib. Zindanda da edam cəzası ilə mübarizəsini davam etdirib.

Xüsusən Gohərdaşda həyata keçirilən edamların şəklini çəkərək əməkdaşlıq etdiyi təşkilata ötürə bilib. 2014-cü ilin Novruz bayramında siyasi məhbuslara və yüngül cinayət törətmiş məhbuslara verilən 15 günlük məzuniyyət zamanı edam şəkillərini onun çəkdiyinin aydınlaşması, bu səbəbdən də haqqında “dövlət sirrini yayma” ittihamı ilə yeni cinayət işinin açıldığından xəbər tutub. Bu maddə isə edama qədər cəza nəzərdə tutur.

Mahmud Naci qeyri-leqal yolla İranı tərk etmək qərarına gəlir. 2014-cü il aprelin 2-də Azərbaycanın Cəlilabad rayonunun ərazisinə daxil olur və burada saat 9.40-da sərhədçilər tərəfindən saxlanılır. Beləcə, Mahmud Naci ölüm təhlükəsindən qurtulur.

Lakin hadisələrin sonrakı inkişafı heç də qəhrəmanımızın ümid etdiyi istiqamətdə getmir. Nə istintaq, nə də məhkəmə zamanı onun siyasi sığınacaq istəməsi nəzərə alınmır. Sərhədçilərin onu polisə təhvil verməsindən sonra heç bir başqa təşkilatın nümayəndəsi Mahmudla görüşmür, istəyinin nə qədər səmimi olduğunu araşdırmır. Cəlilabad rayon məhkəməsinin 11 iyul 2014-cü il tarixli hökmü ilə Mahmud Əzizulla oğlu Naci 1 il müddətinə azadlıqdan məhrum edilir. Hakim Əliəjdər Ələkbərovun çıxardığı hökmdə oxuyuruq: “İş materiallarında olan 13 may 2014-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Naci Mahmud Əzizulla oğlu İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən təqib olunduğu üçün dövlət sərhədini qanunsuz yolla keçdiyini bildirsə də, onun bu ifadəsi cinayət işinin materialları ilə təsdiq olunmur, bu halın mövcud olması belə dövlət sərhədini qanunsuz keçməsinə əsas vermir...”

Adam sərhədi günün işıqlı vaxtında keçib, düz sərhədçilərə tərəf gedib, saxlanılarkən gizlənməyə, qaçmağa cəhd göstərməyib. Məhkəmə prosesində şahid kimi dindirilən sərhədçilər də bu faktları təsdiq edirlər.

Hakim CM-nin 318-ci maddəsinin “Qeyd” hissəsini özbaşına ləğv edib. Digər tərəfdən, onun fikrincə, xüsusi xidmət orqanları tərəfindən təqib olunan şəxs dövlət sərhədini nəzarət-buraxılış məntəqəsi vasitəsilə keçməlidir. Bu zaman həqiqətən təqib olunması haqqında “ETEAlAT”dan arayış da təqdim etsə, lap yaxşı olar. Hakimin iddiasına rəğmən, cinayət işinin materiallarında Mahmudun dediklərinə kölgə salacaq. Şübhələrə əsas verəcək heç bir fakt yoxdur. Adam sərhədi günün işıqlı vaxtında keçib, düz sərhədçilərə tərəf gedib, saxlanılarkən gizlənməyə, qaçmağa cəhd göstərməyib. Məhkəmə prosesində şahid kimi dindirilən sərhədçilər də bu faktları təsdiq edirlər. Razılaşın ki, sərhədi başqa məqsədlərlə keçmək istəyən şəxs belə davranmazdı. Digər tərəfdən, Mahmud Nacinin sığınacaq istəyinin nə qədər səmimi olması barədə bu sahədə heç bir təcrübəsi olmayan polis müstəntiqi qərar verə bilməzdi. Yalnız miqrasiya sahəsində fəaliyyət göstərən təşkilatların gəldiyi nəticə mənkəmə hökmü üçün əsas ola bilərdi.

Ümumiyyətlə, bu işlə bağlı çox qəribə mənzərə yaranır. Şəxs sərhədi keçərək sığınacaq istəyir, lakin bu istəyi tamamilə inkar edilir, onunla adi sərhəd pozucusu kimi davranılır, əlaqədar təşkilatlardan kimsə onunla görüşmür.

Məhkəmə hökmünə görə Mahmud Naci ona təyin olunmuş cəzanı çəkdikdən sonra məcburi surətdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalıdır

Məhkəmə hökmünə görə Mahmud Naci ona təyin olunmuş cəzanı çəkdikdən sonra məcburi surətdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalıdır. Qərarda bilavasitə yazılmasa da, təcrübədə əcnəbi vətəndaşlar cəza müddəti bitdikdən sonra öz ölkələrinə deportasiya edilirlər. Beləliklə, 5 aydan sonra edama qədər cəza nəzərdə tutan “dövlət sirrini yaymaq”da ittiham olunan , üstəlik İranda “vətənə xəyanət” kimi səciyyələndirilən digər ölkədən siyasi sığınacaq istəyində bulunmuş Mahmud Naci öz ölkəsinə deportasiya ediləcək.

“Mən Azərbaycan Respublikasındakı prosesləri bacardıqca izləməyə çalışmışam. İlham Əliyevin ilk dəfə prezident seçilərkən dünyadakı bütün azərbaycanlıların prezidenti olması haqqında dediklərini xatırlayıram. Avropaya, Amerikaya getmək istəmirəm. Öz vətənimdən, öz prezidentimdən sığınacaq istəyirəm. İnanıram ki, o mənim səsimi eşidəcək və edama göndərməyəcək"

Məqalənin qəhrəmanı hələ istintaq altında olarkən Azərbaycan Respublikasının prezidentinə müraciət etdiyini, lakin cavab almadığını söyləyir. Məktubunun prezidentə çatmadığını düşünür. Mənim təkilifimə rəğmən, beynəlxalq humanitar təşkilatlara, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etmək istəmir. “Mən Azərbaycan Respublikasındakı prosesləri bacardıqca izləməyə çalışmışam. İlham Əliyevin ilk dəfə prezident seçilərkən dünyadakı bütün azərbaycanlıların prezidenti olması haqqında dediklərini xatırlayıram. Avropaya, Amerikaya getmək istəmirəm. Öz vətənimdən, öz prezidentimdən sığınacaq istəyirəm. İnanıram ki, o mənim səsimi eşidəcək və edama göndərməyəcək”,-deyir Mahmud Naci.

Əlavə edək ki, sivil ölkələr, hətta cinayətkara belə, ölkəsində edam cəzası gözləyirsə, geriyə deportasiya etmirlər. Azərbaycandan sığınacaq istəmiş şəxsi edama göndərməyimiz ölkəmiz adına rəzalət olar. Buna yol verməmək üçün ictimaiyyət, xüsusən də Mahmud Nacinin jurnalist həmkarları məsələni diqqətdə saxlamalı, onun harayının dövlət rəhbərliyinə getməsinə çalışmalıdırlar.