Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə hazırlıq iclası olub. Məhkəmə prosesi mayın 30-u saat 10-a təyin edilib.
Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. Baş redaktor külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət almada ittiham olunur. Ona xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ittihamı da irəli sürülüb.
Məhkəmədə vəkillər və Əvəz Zeynallı çoxsaylı vəsatətlər, o cümlədən həbs qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə dövlət ittihamçısının vəsatətləri təmin etmək olmaz sözlərini sanki təkrar edərək heç bir vəsatəti təmin etməyib.
Vəkillər və baş redaktor ittihamı sifariş və şər adlandırıb. Belə ki, Əvəz Zeynallı bildirib ki, istintaqın sübutlara daxil etdiyi disk və mesajlar saxtadır. “Doğrudur mesajlar və diskdəki səslərin də istintaqa dəxli yoxdur. Amma, disk digər elektron vasitədən götürülüb və sonra MP formatına keçirilib. Mesajlara gəldikdə, mənim iki telefonum oktyabrın 28-də həbsim zamanı götürülüb və istintaq verilməyib. Telefonlarım istintaqda olmasa da dekabrın 15-dək zəngləri qəbul edib. Orada saxta mesajlar yaradıblar və bu mesajları sübut kimi götürüblər”, - deyə baş redaktor qeyd edib.
Baş redaktor beynəlxalq təşkilatlar tərəfindən vicdan nəhbusu kimi tanınıb. Bu günki məhkəmədə də çoxsaylı beynəlxalq təşkilatların və diplomatik korpusların təmsilçiləri iştirak edib.
İlk öncə Əvəz Zeynallının anası Şamama xanımı dinləyək. O Amerikanın Səsi radiosuna müsahibəsində oğlunun rüşvətə qarşı mübarizə apardığını bildirib. Elə bu səbəbdən də onu rüşvət və korrupsiya ilə şərlədilər.
İnsan Haqları Klubunun təmsilçisi Rəsul Cəfərov baş redaktorun həbsini siyasi sifariş hesab edir. Onun fikrincə, həbsin səbəbi hakim siyasətçilərin tənqidi ilə bağlıdır.
Hüquq Maarifçiliyə Cəmiyyətinin sədri İntiqam Əliyev hesab edir ki, baş redaktorun həbsi müstəqil medianın, cəmiyyətin gözünün qorxudulmasına hesablanıb.
Amnisty İnternasional hüquq müdafiə təşkilatının məhkəmədə monitorinq aparan əməkdaşı Georgi Qoqia Amerikanın Səsi radiosuna jurnalistin həbsini neqativ hal kimi qiymətləndirdiyini bildirib. “Əgər jurnalist rəsmi şəxsin, deputatın iddiası ilə həbs edilirsə bu qəbuledilməzdir. Bu qanunların və insan haqları üzrə bir sıra konvensiyaların pozuntusudur. Ümid edirəm ki, məhkəmə ədalətli qərara qəbul edib, ədaləti bərpa edəcək”.
Mərkəzi qərargahı Parisdə yerləşən Sərhədsiz Reportyorlar təşkilatının nümayəndəsi İnqo Petz müstəqil jurnalistin iqtidar partiyasının rəhbərliyinə daxil olan və parlamentin deputatının ərizəsi ilə həbsini görünməmiş nadir hadisə adlandırıb.
“Demokratik Avropanın ən böyük musiqi müsabiqəsi olan Eurovizion zamanı müstəqil jurnalistin məhkəməsində iştirak etmək insanı şoka salır. Bu Azərbaycan hakimiyyəti üçün neqativ fikrilər doğurur. Hesab edirəm ki, Azərbaycan məhkəməsi ədaləti bərpa edəcək, jurnalisti deyil, ona şər atanları cəzalandıracaq”.
Turan Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, baş redaktorun həbsi ölkədə söz azadlığını məhdudlaşdırmaq siyasətinin davamıdır.