Xural qəzetinin baş redaktorunun həbs müddəti bir ay uzadılıb (Audio)

Əvəz Zeynallı həbsini siyasi sifariş sayır

Aprelin 12-də Nəsimi Rayon Məhkəməsi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynalının həbs müddətinin daha bir ay uzadılması barədə qərar qəbul edib. Beləliklə baş redaktorun həbs müddəti mayın 20-nə kimi uzadılıb.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbs edilib. O rüşvət alma, vergidən yayınmada ittiham olunur.

Vəkil Elçin Sadıqov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, məhkəmə həbsin müddətinin uzadılmasını texniki səbəblərlə izah edib. Belə ki, 180 gün müddətində istintaq orqanı məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı ona qarşı ittiham irəli sürə bilməyib. “Əvəz Zeynallı həbsinin siyasi olduğunu məhkəmənin diqqətinə çatdırdı. Mən isə Əvəz Zeynallı həbsdən azad edilərək istintaqın davan etdirilməsi barədə vəsatət verdim. Məhkəmə vəsatəti təmin etmədi. İstintaq hesab edir ki, baş redaktor azadlıqda olarsa məqalələri ilə istintaq təzyiq edə bilər”.

Vəkilin sözlərinə görə, istintaq Əvəz Zeynallının kimdənsə rüşvət alması sübut olunmur, əksinə baş redaktorun şantaj olunduğu ortaya çıxır.

Onun fikrincə, vergi ittihamının da əsası yoxdur. “Vergi ilə bağlı hesablamalar düzgün aparılmayıb. İstintaq qəzetin son satış qiymətini əvvəlki illərə də tətbiq edib və satılmayaraq geri qaytarılan qəzet nüsxələrini nəzər almayıb”.

Artıq, vəkil bununla bağlı 1 saylı İnzibati İqtisad Məhkəməsində iddia qaldırıb. “Hesab edirəm ki, Əvəz Zeynallı heç bir hüquqi və faktiki əsas olmadan həbs edilib”.

Cənab Sadıqovun sözlərinə görə, Əvəz Zeynallı həbsdə olarkən onun və vəkilin iştirakı olmadan bir pivə zavodunun iddiası ilə baş redaktora qarşı məhkəmə də keçirilib. Məhkəmə Əvəz Zeynallının pivə zavoduna 50 min manat ödəməsi barədə qərara qəbul edib. “İşdə Xural qəzetində zavodla bağlı getmiş yazı nəticəsində dəyən ziyanla bağlı heç bir material yoxdur. Əgər ziyan yoxdursa kompensasiya hansı səbəbdən ödənilməlidir. Bu bir daha sübut edir ki, məhkəmə qərarı siyasi təqibin tərkib hissəsidir”.

Vəkil məhkəmələrin Xural qəzetinin yazdığı hər hansı korrupsiya, rüşvət halları, qanunvericiliyin pozulması, məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı dərc etdiyi yazılardakı faktları araşdırmadığını bildirib. “Əksinə, məhkəmələr məqalələrdə barələrində faktlar dərc edilmiş məmurları müdafiə edir”, - deyə o qeyd edib.

Xatırladaq ki, beynəlxalq hüquq müdafiə təşkilatları jurnalistə qarşı iddiaları əsasız sayır. Çoxsaylı beynəlxalq və yerli hüquq müdafiə təşkilatı hökuməti baş redaktoru həbsdən azad etməyə çağırıb. Azad Söz İnqilabçıları (ASİ) klubu isə “Xural” qəzetinin həbsdə olan baş redaktoruna dəstək məqsədilə mətbuatda “Əvəz Zeynallı ongünlüyü” kampaniyasına start verir.

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun məlumatına görə, klubun həmtəsisçisi Anar Mahmudoğlu bütün jurnalist həmkarlarını aprelin 15-dən 25-dək davam edəcək kampaniyada iştiraka çağırıb. “Tanınmış köşə yazarları “Əvəz Zeynallı ongünlüyü” rubrikası altında həmkarımızın həbsi və problemləri barədə məqalə ilə çıxış edəcəklər. Kampaniyanın sonunda “ASİ” klubun kitabxanası seriyasından Əvəz Zeynallıya həsr olunmuş yazıların hamısını toplayıb kitab halında dərc edəcəyik. Kitabın təqdimetmə mərasimində iştirakçılar mükafatlandırılacaq”.