Xuan Quaydo Karakasa qayıdıb

Venesuelanın müxalifət lideri, ABŞ tərəfindən müvəqqəti prezident kimi tanınan Xuan Quaydo Karakasa qayıdıb.

Qayıdışı barədə Twitter-də məlumat yayan Quaydo əziz torpağında immiqrasiya yoxlanışından keçdiyini yazıb.

Latın Amerikası müttəfiqləri ilə grüşündən sonra Quaydo venesuelalıları onu dəstəkləməyə çağırıb.

O, Maduronun istefası üçün təzyiqləri artırmaq məqsədilə Latın Amerikası ölkələrinə səfərinin bir hissəsi olaraq şənbə günü Ekvadorda olub.

Keçən həftə Xuan Quaydo ABŞ-ın vitse-prezidenti Mayk Pens və digər regional liderlərlə görüşdükdən sonra Braziliya və Paraqvaya səfər edib.

Birləşmiş Ştatlar cümə günü Venesuelaya təzyiqləri daha da artıraraq, yüksək səviyyəli altı rəsmiyə qarşı sanksiyalar tətbiq edib və onlarla yüksək səviyyəli Venesuela rəsmisinin vizalarını ləğv edib.

Tramp administrasiyası bildirib ki, sanksiyalar keçən həftə müxalifət tərəfindən dəstəklənən ərzaq yardımının gətirilməsi səylərinin qarşısını alan Venesuela hərbi rəsmilərinin hərəkətlərinə cavab olaraq tətbiq edilib.

Sərhəddəki bir məntəqədə yük maşınlarında yanğın baş verib və bir neçə insan həyatını itirib.