Xoşbəxt Yusifzadə: Təsdiq edilmiş neft ehtiyatları 1,45 milyard ton, qaz ehtiyatları 2,6 trilyon kubmetrdir

Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 1,45 milyard ton təşkil edir. Daha 2 milyard ton kondensat neft proqnozlaşdırılan, hələ sübut edilməmiş ehtiyatlardır.

Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ölkədə 4 milyard ton neft olması barədə bugünkü bəyanatı ilə bağlı Amerikanın Səsinin sualının cavabında bildirib.

"3,5 milyard elə təxminən 4 milyard tona yaxın rəqəmdir" , SOCAR-ın birinci vitse-prezidenti deyib.

“Təbii qaza gəlincə, ölkənin təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir, 3,3 trilyon kub metr də proqnozlaşdırılan ehtiyatlardır” , o qeyd edib.

Sentyabrın 18-də bir sıra internet saytlarında Yusifzadəyə istinadla Azərbaycanda sübut edilmiş 4 milyard ton neft və 6 trilyon kubmetr qaz ehtiyatları olduğu barədə məlumat yayılıb. O, bu barədə hakim Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Əsrin müqaviləsi” - Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda keçirilən dəyirmi masada bildirib.