Azərbaycan XİN: Azərbaycanın işğal edilmiş ərazilərində aeroport açılması qanunsuz addımdır

Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər və Müdafiə Nazirlikləri Azərbaycanın işğal altında olan Xocalı şəhərində aeroport açılmasına kəskin reaksiya verib. “Ermənistan beynəlxalq qaydaları pozduğu halda ona uyğun vəziyyətlə qarşılaşacaq”, - Müdafiə Nazirliyi bildirib.
Rəsmi Bakı Xocalı aeroportunun istifadəyə verilməsi bağlı mövqeyini açıqlayıb.

Ermənistanın rəsmi şəxslərinin dünən bildirib ki, ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) Xocalı aeroportuna uçuşlara icazə verib.

Xocalı aeroportu 70-ci illərdə tikilib və Bakıdan Qarabağa aviareyslər üçün nəzərdə tutulub. 1992-ci ilin fevralında Xocalı şəhərinin ermənilər tərəfindən işğalından sonra aeroport fəaliyyəti dayanıb. İki il əvvəl erməni tərəfi onun bərpasına başlayıb.

Oktyabrın 2-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərində aeroport açılması qanunsuz addımdır və Qarabağ münaqişəsinin dinc yolla həlli üzrə danışıqlar prosesinə zərbə vurur.

“Rəsmi Bakı bununla əlaqədar olaraq beynəlxalq ictimaiyyəti Ermənistan hakimiyyətinin Azərbaycanın işğal edilmiş ərazilərində aeroport açmaq cəhdlərinə adekvat reaksiya verməyə çağırır. Dünya ictimaiyyəti beynəlxalq hüquq normalarına açıq-aşkar pozulmasına seyrçi qalmamalıdır”, deyə Abdullayev bildirib.

Ermənistan tərəfin bu təxribatçı əməlləri rəsmi Yerevanın münaqişənin həlli üçün siyasi iradəsinin olmamasına dəlalət edir və status-kvonu saxlamaq məqsədinə xidmət edir.
Cənab Abdullayev həmçinin bildirib ki, Ermənistan tərəfin Azərbaycanın işğal edilmiş əraziləri üzərindən aviasiya əlaqələri qurmaq cəhdləri mülki aviasiya sahəsində beynəlxalq konvensiyanın, xüsusən Mülki Aviasiya haqqında Çikaqo konvensiyasının normalarına və İCAO qaydalarına ziddir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə Amerikanın Səsi radiosuna bildirib ki, Bakı Xocalıda aeroportun qanunsuz fəaliyyət göstərməsinə yol verməyəcək. “Azərbaycan dəfələrlə bu məsələyə öz münasibətini bildirib. Mövqeyimizdə dəyişiklik yoxdur. Ermənistan beynəlxalq qaydaları pozduğu halda ona uyğun vəziyyətlə qarşılaşacaq”, - o qeyd edib.