Astanada Xəzəryanı dövlətlərin Xüsusi İşçi Qrupu görüşür

Mayın 21-dən 24-dək Qazaxıstanın Astana şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti iclası keçiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

İclas zamanı Konvensiya layihəsi ilə bərabər xəzəryanı dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur.

Mətbuat xidmətinin məlumatına görə, Xüsusi İşçi Qrupunun Azərbaycan tərəfindən rəhbəri xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Astana şəhərində səfərdədir.

Səfər çərçivəsində, həmçinin, Azərbaycan və Qazaxıstan xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

Xəzərin hüquqi statusu ilə bağlı danışıqların xronikası

Xəzəryanı dövlətlərin beşinci sammitinin 2018-ci ildə Qazaxıstanda keçirilməsi planlaşdırılır, amma hələlik dəqiq tarix müəyyən edilməyib.

2018-ci ilin aprelində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu il Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanacağını bəyan edib.

"Böyük ehtimalla, konvensiya Qazaxıstanda keçiriləcək hökumət başçılarının 5-ci iclasında imzalacaq. Biz Xəzəryanı ölkələrin XİN rəhbəri ilə Moskvadakı görüşümüz zamanı konvensiyanın bütün müddəalarını razılaşdırmışıq. Hazırda konvensiyanın mətninin hər bir ölkənin dilinə uyğunlaşdırılması prosesi davam etdirilir", Lavrov qüeyd edib.

1992-ci illərdən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri başlayıb.

Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşır.

1998-ci ilin iyulunda Moskvada Rusiya ilə Qazaxıstan arasında "Xəzərin Şimal hissəsinin dibinin bölünməsinə dair Birgə Saziş" imzalanıb.

2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin orta xətt üzrə milli sektrlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalanıb və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi Qazaxıstanın nəzarətində qalır.

Problemlər qalmaqdadır

Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. Türkmənistan 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib.

Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Təbii ki, Azərbaycan tərəfi bu prinsiplə razılaşmır.

İran 1921 və 1940-cı illər müqaviləsinə əsaslanaraq Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edir. İran tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarıdır. Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmir. İran da Rusiya kimi xaric ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasını dəstəkləyir.

Bununla yanaşı, tərəflər Xəzərin ekologiyası, su səthindən ümumi istifadə, terrorizmə, qaçaqmalçılığa qarşı birgə mübarizə ilə bağlı razılıqlar əldə ediblər.

Göründüyü kimi dənizin şimalında Rusiya, Qazaxıstan və Azərbaycan müəyyən razılıqlar əldə etsə də cənub hissəsində problemlər qalmaqdadır. Belə ki, Azərbaycan, İran və Türkmənistan arasında dəniz dibinin bölünməsi ilə bağlı problemlər hələ həllini tapmayıb. Eyni zamanda, Türkmənistanın İranın bölgü prinsipi ilə də problemləri yaşanır. Azərbaycan təklif edib ki, Xəzərin hüququ statusu tam həllini tapanadək Türkmənistan və İranla mübahisə doğuran neft-qaz yataqlarında hər hansı iş aparılmasın.