Ümumdünya Səhiyyə Təşkilatı Xərçəngə qarşı Beynəlxalq Mübarizə Günü xərçəng xəstəliyi riskini azaltmaq üçün sağlam həyat tərzi aparmağa çağırır. Təşkilat eyni zamanda, xərçəngin erkən diaqnozu və müalicəsinin çox sayda insan həyatını xilas edə bildiyini vurğulayır.
Xərçəngin diaqnostikası və müalicəsi sahəsində böyük inkişaf əldə edilib. Lakin xərçənglə bağlı statistika xəstəliyin hələ çox ciddi olduğunu göstərir. Xərçəng qlobal səviyyədə insan ölümünə ikinci ən böyük səbəb olaraq qalır. Hər il xərçəng xəstəliyi nəticəsində 9 milyon insan həyatını itirir və 14 milyon insana yeni xərçəng xəstəliyi diaqnozu qoyulur.
Ağ ciyər, qara ciyər, yoğun bağırsaq, mədə və döş vəzisi xərçəngi ölüm hallarına səbəb olan əsas xərçəng növləridir. Ümumdünya Səhiyyə Təşkilatı ən böyük risk faktoru kimi siqareti qeyd edir. Bunun ardınca, alkoqollu içkilər, qeyri-sağılam pəhriz və fiziki baxımdan qeyri-aktiv həyat tərzi göstərilir.
Daha çox meyvə və tərəvəz yemək, müntəzəm olaraq idmanla məşğul olmaq, siqaret çəkməmək və az miqdarda alkoqol içmək xərçəng xəstəliyi nəticəsində ölüm hallarının üçdə birinin azalmasına gətirib çıxara bilər.
Ümumdünya Səhiyyə Təşkilatının xərçəng xəstəliyinə texniki nəzarət bölməsinin rəhbəri Andre İlbavi bildirir ki, xərçəng xəstəliyi nəticəsində ölüm hallarının 70 faizi aşağı və orta gəlirli ölkələrin payına düşür. Onun bildirdiyinə görə, bu ölkələrdə xərçəng xəstəliyi halları narahat doğuracaq şəkildə sürətlə artır.
O, Amerikanın Səsinə bildirib ki, narahatlığa ciddi səbəbin olmasına baxmayaraq, hətta ən yoxsul ölkələrdə belə problemin ünvanlanması mümkündür.
“İlk növbədə, ən böyük prioritet xərçəngin erkən diaqnoz edilməsidir. Bu, aşağı gəlirli ölkələrdə əldə edilməsi mümkün ola bilməyən ən son texnologiyalar və bahalı dərmanlarda daha mühüm müdaxilədir. Xərçəngin erkən aşkar edilməsi xəstəliyin müalicəsinin ən effektiv yoludur və bu ölkələrin əhalisinə qəbul edilmiş ümumi müalicə yolu təklif etməklə, minimum resurslarla çox sayda xərçəng xəstəsini xilas etmək mümkün ola bilər”, o bildirib.
Andre İlbavi deyib ki, inkişaf etməkdə olan ölkələrin xərçəngin nəticələrinin yaxşılaşdırılması üçün görə biləcəyi əhəmiyyətli tədbirlərə icmalarda xəstəliklə bağlı məlumatlandırma kampaniyasının genişləndirilməsi, ilkin səhiyyə xidmətləri vasitəsilə xəstəliyin erkən diaqnoz edilməsi və əlverişli müalicədən istifadə imkanlarının yaxşılaşdırılması daxildir.
Ümumdünya Səhiyyə Təşkilatı həmçinin sağlam həyat tərzinin əhəmiyyətini xüsusi vurğulayır. Təşkilat bildirir ki, daha çox meyvə və tərəvəz yemək, müntəzəm olaraq idmanla məşğul olmaq, siqaret çəkməmək və az miqdarda alkoqol içmək xərçəng xəstəliyi nəticəsində ölüm hallarının üçdə birinin azalmasına gətirib çıxara bilər.