Fevral ayı ABŞ-da “Xərçənglə Mübarizə Ayı”dır və Amerikanın Xərçəng Araşdırmaları İnsitutu həyat tərzinin xərçəngın bir neçə ən ağır növləri riskini azaltdığına dair maarifləndirməyə çalışır. Bu kampaniyaya diabet, piylənmə və xərçəngə dair geniş araşdırmaların nəticələrinə əsasən təkan verilib.
Alimlərin dediyinə görə sağlam həyat tərzi əsas 5 mühüm amildən ibarətdir- siqaret çəkməmək, çəkiyə nəzarət, müntəzəm fiziki fəaliyyət, sağlam yemək və spirtli içkilərə məhdudiyyət.
Britaniya alimlərinin 10 ildən çox dünyada 340 minə yaxın insan üzərində apardığı araşdırmaların nəticələri göztərib ki, bu 5 tələbi yerinə yetirən insanlar ən ağır xərçəng olan ağ ciyər, döş və bağırsaq xərçənginə 32 faiz az tutulur.
“Piylənmə kimi xəstəliklərı araşdırarkən müxtəlif nəticələr əldə edilir, yəni fərqli araşdırmaların fərqli nəticələri olur. Lakin bu, nəticələri bir araya gətirib bir analiz qrupu yaradanda, nələrin baş verdiyi barədə bütöv bir məlumat almağa yardım edir” deyə, doktor Ann Maktirnan bildirir.
Siyetl şəhərindəki Fred Hatçinson adına Xərçəng Araşdırmalar Mərkəzindən doktor Ann Maktirnanın dediyinə görə, yağlı, çox şəkərli və duzlu yeməklər insanlarda diabet və piylənmə riskini artırır.
İnsanların çoxu "fast fud"dan uzaq durmağın gərək olduğunu bilir. Lakin bu yeməklər rahat əldə edildiyi üçün pəhriz saxlamaq çətindir. Doktor Maktirnan deyir ki, insanlar hökumətlərinin və ya sənayenin onlar üçün yemək seçmələrini gözləməməlidirlər. “Mən onu deyə bilərəm ki, insanlar bu sahədə daha çox bilik almalıdır. Əgər sizin çəkiniz artırsa, siz xərçəng riskinizin olub-olmadığını öyrənməli və özünüz hansısa addımlar atmalısınız” deyə, o bildirir.
Birləşmiş Ştatlar alimləri xəstəliyin inkişafının dayandırılması üçün bir neçə növ xərçəngi aşkar edə biləcək sadə bir qan testi üzərində çalışır.