Vəkillər Xədicə İsmayılovaya bəraət istəyir [Video]

Your browser doesn’t support HTML5

Avqustun 31-də jurnalist məhkəmədə son söz deyəcək

Avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesində vəkil Fariz Namazlı məhkəmə istintaqının yenilənməsi barədə vəsatət qaldırıb. O bildirib ki, dövlət ittihamçısı çıxışında səhvlərə yol verib, şahid ifadələrini təhrif edib.

Dövlət ittihamçısı Ramazan Hadıyev deyib ki, məhkəmə istintaqının yenilənməsini istəmək məhkəməni uzatmağa xidmət etməkdən başqa bir şey deyil. O vəsatətin əsassız olduğunu deyib və rədd olunmasını istəyib.

Hakim vəsatəti təmin etməyib.

Xədicə bilir ki, burada heç nə yoxdur. Boş yerdən iş çıxarıblar. Ona görə də gülür. O, bilirdi ki, belə olacaq. İlham nə tapşırıb onu da yerinə yetirirlər.
Elmira İsmayılova

Daha sonra Fariz Namazlı və Xədicə İsmayılovanın digər vəkili Fəxrəddin Mehdiyev müdafiə çıxışı ediblər.

Jurnalist Xədicə İsmayılovanın işi üzrə bu günki prosesdə vəkil Fariz Namazlı bütün müdafiəçilərin – özünün, Cavad Cavadovun və Fəxrəddin Mehdiyevin birgə yekun sözünü elan edib.

Bu çıxışda deyilir ki, İsmayılova 2014-cü dekabrın 5-də Tural Mustafayevin şikayəti əsasında şübhəli şəxs qismində cəlb edilib, o, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham olunub və həbs olunub.

2015-ci il fevralın 13-də İsmayılovaya qarşı 4 maddə üzrə yeni ittihamlar irəli sürülüb.

İstintaqın iddiasına görə, 01 iyul 2008-ci il tarixdən 01 oktyabr 2010-cu il tarixə kimi əmək müqailələrinə əsasən qeyri-kommersiya təşkilatı “Azad Avropa/Azadlıq Radiosu”nun Azərbaycandakı nümayəndəliyinin Bakı şəhərində büro rəhbəri kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək və dövlət büdcəsinə ödənilən küllü miqdarda vəsaiti yayındırıb özgəninkiləşdirməsi məqsədi ilə öz qulluq səlahiyyətləri, mövqeyindən istifadə etməklə ayrı-yarı şəxslərlə fiziki şəxslərin gəlir vergisi ödəyicisi kimi əmək müqaviləsi bağlamadan, onun tələbi üzrə mülki müqavilə ilə gəlir vergisinin dərəcəsini qəsdən 14 faizdən sadələşdirilmiş vergi ödəyicisi kimi 04 faizə endirməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeyinə ağır nəticələrə səbəb olan küllü miqdarda cəmi 17.992 manat məbləğində zərər vurub.

Xədicə İsmayıl

İsraf etməklə dövlət əmlakını talamış, qulluq səlahiyyətlərindən sui-istifadə edib mülki müqavilə əsasında fəaliyyət göstərdiyi müddətdə də qanunsuz sahibkarlıqla məşğul olaraq küllü miqdarda gəlir əldə etmiş, həmçinin xeyli miqdarda vergiləri ödəməkdən yayınıb.

2008-ci il iyulun 1-də 2010-cu il oktyabrın 1-nə qədər İsmayılova əmək müqaviləsi əvəzinə qanunsuz olaraq mülki müqavilələr bağlayaraq, qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirib, 256 400 manat gəlir əldə edib.

Azərbaycan Xarici İşlər Nazirliyində akkreditasiyası olmadan və əmək müqaviləsi bağlamadan radioda işləyərkən o, 2014-cü ilə qədər əmək haqqı və qonorar kimi 79 480 manat əldə edib.

İstintaqın iddiasına görə, ümumilikdə 01 iyul 2008-ci il tarixdən 01 dekabr 2014-cü il tarixədək olan dövrdə o, 335.880 manat məbləğində küllü miqdarda gəlir əldə edib.

“Azadlıq” radiosunun Bakı Bürosunun rəhbəri olarkən İsmayılova 1 354 368 manat məbləğində maliyyə əməliyyatları həyata keçirib və 45 145 manat ölçüsündə gəlir vergisini ödəməyib.

Daha sonra qeyd edilir ki, İsmayılova öz nüfuzundan istifadə edərək, Tural Mustafayevi özündən maddi cəhətdən asılı vəziyyətə salıb. Mustafayev Rövşanə Rəhimova ilə evlənmək istəyərkən isə İsmayılova ona təzyiq göstərərək, onu stress halına salıb. Bu səbəbdən oktyabrın 20-də Mustafayev özünü zəhərləməyə cəhd edib və xəstəxanaya yerləşdirilib.

Müdafiə tərəfi irəli sürülən bütün ittihamları təkzib edir və bildirir ki, onun əməllərində cinayət tərkibi yoxdur, təqsiri isə sübuta yetirilməyib. Vəkillər jurnalistə bəraət verilməsini xahiş edir.

Müdafiə tərəfi qeyd edir ki, İsmayılovanın Mustafayevin intihara cəhd etməsində səbəbkar kimi iştirak etməyib. Sonuncu dəfə onlar 9 mart 2014-cü il tarixində görüşüblər və 6 ay ərzində heç bir ünsiyyətləri olmayıb.

Onlar “Azadlıq” radiosunda birgə işləyərkən aralarında xidməti tabeçilik münasibəti, o cümlədən maddi və sair cəhətdən asılı vəziyyət də olmayıb.

Bütün ittihamlar üzrə cinayət işinə xitam verilməsi və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdik.
Fəxrəddin Mehdiyev

Tural Mustafayev istintaqda Xədicə İsmayılova ilə üzləşdirmə zamanı etiraf edib ki, 6 aydan çox müddətdə dəfələrlə Xədicə İsmayılova ilə görüşməyə cəhd edib, bu niyyətlə onun mobil telefonuna çoxlu sayda SMS-məktublar göndərib. Xədicə İsmayılova isə onun heç bir məktubuna cavab verməyib və onunla görüşməkdən imtina edib.

İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizanın rəyində göstərilir ki, Tural Mustafayev Göyçay Mərkəzi Rayon Xəstəxanasının 27 oktyabr 2014-cü il tarixli göndərişi əsasında həmin gün “Şəxsiyyətin affektiv tipli pozuntusu. Depressiv daxilolmalar” diaqnozu ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına stasionar müalicəyə qəbul olunub.

Müayinə və müalicə nəticəsində onun “Depressiv tip şəxsiyyət pozuntusu. Suisidial cəhdlərlə” xəstəliyindən əziyyət çəkdiyi aşkar edilib.

Xəstəliyin anemnezində Tural Mustafayevdə son 1-2 ildə ruhi pozğunluqların əmələ gəldiyi, ambulatoriyada aldığı müalicələrin effektiv olmadığı, bu müddət ərzində 3 dəfə özünə qəsd etdiyi qeyd edilib.

Mayın 3-də Mustafayev “YouTube”da öz videomüraciətində bildirib ki, İsmayılovaya Bakı şəhər prokurorunun birinci müavini Azər Əsgərovun və müstəntiq Vaqif Süleymanovun təzyiqi altında iftira atıb.

Mustafayevi əks təqdirdə onun evində Milli Təhlükəsizlik Nazirliyi (bundan sonra MTN) tərəfindən aparılmış videoçəkilişlərin yayılacağı ilə hədələndiyini deyir.

Bundan sonra o, ölkədən çıxmaq istəyərkən saxlanılıb və fevralın 14-dək Bakıda saxlayıblar, döyüblər və İsmayılovaya qarşı ifadələrindən imtina etməməyi tələb ediblər, daha sonra isə psixiatriya xəstəxanasına göndəriblər.

Tural Mustafayev həmin videomüraciətində bildirir ki, MTN Antiterror Mərkəzinin rəhbəri İlqar Əliyev, həmin idarənin əməkdaşı Azər Məcidov və digər şəxslər onu X.İsmayılovaya qarşı ərizəsini geri götürəcəyi təqdirdə böyük problemlərlə üzləşəcəyi ilə hədələyiblər.

Mustafayevin keçmiş nişanlısı məhkəmədə bildirib ki, o, psixopatdır, dəfələrlə onu döyüb, buna görə o, iki dəfə - 2014-cü il iyulun 27-də və oktyabrın 16-da Daxili İşlər Nazirliyinə şikayət verib.

Digər şahid, Aynur İmranova ifadəsində bildirib ki, Mustafayev alkoqolizmdən əziyyət çəkirdi və spirtli içkinin təsiri altında aqressiv və idarəolunmaz olurdu.

İmranova həmçinin bildirib ki, istintaqda ona İsmayılovaya qarşı ifadə verməsi üçün təzyiq göstərilib və bunun müqabilində yüksək əmək haqqı olan iş, mənzil vəd edirdilər.

Mustafayevin valideynləri və keçmiş nişanlısı bildiriblər ki, onlar ümumiyyətlə İsmayılovanı tanımırdılar, özünü öldürmə cəhdinə isə ailə problemləri səbəb olub.

Şahid Cavid Abdullayev bildirib ki, Mustafayevin özünü öldürmə cəhdinin İsmayılova ilə əlaqədar olması haqqında ifadəni təzyiq altında verib. Bütün bunlarla əlaqədar müdafiə tərəfi İsmayılovaya bu maddə üzrə bəraət verilməməsini xahiş edib.

Daha sonra müdafiə tərəfi böyük ölçüdə mənimsəmə ittihamının əsassız olduğunu qeyd edir. İsmayılova heç kimlə iş və xidmət haqqında müqavilə bağlamayıb. İşçilərlə müqavilələri “Azadlıq radiosu” korporasiyasının nümayəndəsi Elizabet Portal və ya radionun rəsmi nümayəndəsi Yəhya Mirzəyev bağlayırdı.

Bundan başqa, İsmayılova maddi-məsul şəxs deyildi. Buna görə onun vergi ödənişindən yayınmaqda ittiham olunması əsassızdır.

Qanunsuz sahibkarlıq haqqında ittiham da əsassızdır.

Müdafiə tərəfi İsmayılovanın Azərbaycan XİN-də akkreditasiyadan keçməməsi haqqında ittihamı da əsassız hesab edir, belə ki, qanunvericilikdə buna görə nəinki cinayət, heç inzibati və ya mülki məsuliyyət də nəzərdə tutulmayıb.

Buna görə 335 880 manat ölçüsündə böyük gəlir etmək ittihamı hüquqi nonsensdir. Bu vəsait İsmayılovaya və radionun digər əməkdaşlarına əmək haqqı və qonorar kimi verilib.

Daha sonra müdafiə tərəfi 213.1-ci (böyük ölçüdə vergi ödənişindən yayınma) maddə üzrə ittihamın əsassız olduğuna diqqət çəkir.

İsmayılovaya qarşı vergi ödənişindən yayınma ittihamı irəli sürülə bilməz, belə ki, o, sərəncamverici funksiyalara malik deyildi, vergi və sosial sığortaların ödənməsi üzrə öhdəliyi yox idi. Digər tərəfdən, vergi yoxlaması fiziki və ya hüquqi şəxsin fəaliyyətinin yalnız son üç ilini əhatə edə bilər.

Korrupsiya haqqında materialların dərc edilməsi İsmayılovaya qarşı buna son qoymaq tələbi ilə çoxsaylı təzyiqlərə səbəb olub.

2012-ci ildə İsmayılovanın mənzilində xüsusi xidmətlərin yerləşdirdiyi gizli kamera ilə qanunsuz çəkilmiş jurnalistin intim həyatından kadrlar yayılıb.

Hakimiyyətyönlü KİV onu ermənilərlə əlaqələrdə, ABŞ-ın xeyrinə casusluqda, beynəlxalq fondlardan Azərbaycanda sabitliyi pozmaq məqsədilə pul almaqda ittiham edib.

İsmayılova həmçinin müxalifətin mitinqində iştiraka görə saxlanılıb və böyük cəriməyə məruz qoyulub.

2014-cü ilin mart-fevral aylarında jurnalist ABŞ Senatı aparatının əməkdaşları ilə görüşünə görə dəfələrlə prokurorluğa çağırılıb və dindirilib.

Keçmiş müxalifətçi adından ona qarşı böhtan ittihamı ilə cinayət iddiası qaldırılıb, buna görə o, 2500 manat cərimə olunub.

Son olaraq, İsmayılovanın əməllərində cinayət tərkibinin olmadığını və təqsirinin sübuta yetirilmədiyini nəzərə alaraq, müdafiə tərəfi jurnalistə bəraət verilməsini xahiş edib.

Onlar Xədicə İsmayılova haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Hakim son söz demək üçün Xədicə İsmayılovaya söz verib. Xədicə İsmayılova məhkəmə iclas protokolları ilə tanış olmaq istədiyini deyib, məhkəmədən çıxış üçün 1 həftə vaxt istəyib.

Hakim deyib ki, məhkəmə iclas protokolları ilə proses tam başa çatandan sonra tanış olmaq olar.

Prosesin avqustun 31-də davam etdiriləcək.

***

Avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın işi üzrə proses davam edib.

Məhkəməyə diplomatik korpusun nümayəndələri, jurnalistlər gəlib.

Əvvəlki proseslərdə olduğu kimi zala müstəqil mətbuat nümayəndələri buraxılmayıb.

Ötən həftə dövlət ittihamçısı jurnalistin 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Bu gün isə Xədicə İsmayılovanın vəkilləri müdafiə çıxışı edəcək.

Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs edilib.

O,Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.

Jurnalistə qarşı AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

X.İsmayıloav bildirir ki, prezident İlham Əliyev və digər yüksək vəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.