Xədicə İsmayılova İsveç mətbuatının "Holme" qəhrəmanlıq mükafatına layiq görülüb

İsveçdə İkinci Dünya müharibəsi zamanı nasistlər əleyhinə mövqeyi ilə tanınan Göteborqun liberal Handels-och-Sjofarstidning (GHT) qəzeti həbsdə olan azərbaycanlı jurnalist Xədicə İsmayılovanı "Holme ilin qəhrəmanı " mükafatına layiq görüb.

Mükafatın adı İsveç yazıçıçı Yan Fridegeradın trilogiyasının qəhrəmanının adından götürülüb.

Mükafat hər il Afrika mənşəli amerikalı vətəndaş hüquqları müdafiəçisi Roza Parksın avtobusda ağ sərnişinlərə yer verməkdən imtina etdiyi gün verilir.
Qaliblər azadlıq və ədalət kimi dəyərləri üstün tutaraq, karyeları və bəzən həyatlarını riskə qoyan şəxslər arasından seçilir.

Qəzet Xədicə İsmayılovanı Holme mükafatına professional vəzifəsini yerinə yetirməyi təhlükələrdən daha üstün tutduğuna görə layiq gördüyünü bildirib.

Mükafatın bundan öncə qalibləri ABŞ-ın Milli Təhlükəsizlik agentliyinin keçmiş kontraktoru Edvard Snouden, WikiLeaks internet saytının təsisçisi Culian Assanj və meksikalı araşdırmaçı jurnalist Lidiya Kaço olub.

AzadlıqRadiosunun əməkdaşı olmuş Xədicə İsmayılova Mütəşəkkil Cinayətarlıq və Korrupsiyaya qarşı Jurnalist layihəsi, OCCRP qrupunda aparıcı araşdırmaçı jurnalistlərdən biri idi.

O, Azəbaycanda hakimiyyətin yüksək eşelonlarında korrupsiya halları ilə bağlı araşdırmaları ilə tanınır. ​

Bakı Ağır Cinayətlər Məhkəməsi sentyabrın 1-də araşdırmaçı jurnalist Xədicə İsmayılovanı 7,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib, onu mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilib.

Eyni zamanda, jurnalistə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə bəraət verilib.

Noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın apellyasiya şikayəti təmin edilməyib.

Məhkəmənin qərarı ilə jurnalist barəsində birinci instaniya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xədicə İsmayılova ötən ilin dekabrında Cinayət Məcəlləsinin 125-ci (başqasını özünü öldürmə həddinə çatdırma) ittihamı ilə həbs edilib. Sonradan ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Xədicə İsmayılova ittihamları rədd edir. O, həbsini prezident İlham Əliyevin ailə biznesini araşdırması ilə əlaqələndirir.

Hakimiyyət ölkədə siyasi motivli həbsləri rədd edir, özəlliklə, heç bir jurnalistin peşə fəaliyyətinə görə təzyiqlərə məruz qalmadığını iddia edir.

"Amnesty İnternational" Xədicə İsmayılovanı "vicdan məhbusu" elan edib. Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, Böyük Britaniya, Fransa Azərbaycanı jurnalisti azad etməyə çağırıb.

GHT qəzeti çapını 1985-ci ildə dayandırsa da, mükafatın təsisçisi, Göteborq universitetinin hüquq professoru Dennis Tollborq onun adını yenidən canlandırıb. "Holme" mükafatı 2008-ci ildə təsis edilib və qəzetin 2017-ci ildə yenidən çap ediləcəyi gözlənir. ​