Bu gün, aprelin 19-da Xaçmaz rayon Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə jurnalist Cəmil Məmmədliyə qarşı Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında iddia ərizəsi üzrə məhkəmə iclası davam etdirilib.
Məhkəmə aprelin 2-də jurnalisti Cinayət Məcəlləsinin 147.2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma), 148-ci (böhtan) maddələri ilə təqsirləndirlən şəxs qismində tanıyıb.
Cəmil Məmmədli bildirib ki, bugünkü prosesdə onun və vəkilinin vəsatətləri təmin edilməyib.
“Biz məhkəmə heyətinə etiraz etdik. Vəsatətimiz təmin edilmədi. Qarşı tərəf ittihamı sübut edə bilmir. Bu zaman məhkəmə qarşısında məsələ qaldırdıq ki, qarşı tərəf ittihamı sübut edə bilmirsə, icazə versin mən yazdıqlarımı sübut edim. Mən 20 min manat rüşvətlə bağlı yazmışam. Həmin pulu verən adam prokurorluğa şikayət edib, özü də burada məhkəmənin qarşısındadır (Jurnalsit həmin şəxsi göstərir). Bu şəxsi şahid kimi məhkəməyə dəvət etmirlər. Sosial işlərə cəlb edilmiş şəxslərin 200 ədəd kartından pul məniməsnilməsi ilə bağlı məsələdə bir yanlışlığım var. Onlar 200 deyil, 199 nəfərdir. Elə şəxslər var ki, onlar Rusiyada olduqları halda adlarına bank kartları açılıb. Hazırda bu şikayətlə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları rayonda araşdırma aparır,” o qeyd edib.
Jurnalsit iddia edir ki, rayonda bir sıra adamlar onun jurnalist fəaliyyətindən narahatdır və bu səbədən fəaliyyətinin məhdudlaşdırlması üçün sifariş veriblər.
“Çünki məhkmə mənim deyil, qarşı tərəfin vəsatətlərini təmin edir,” o qeyd edib.
Qarşı tərəfin vəkili məhkəmənin gedişi ilə bağlı açıqlama verməkdən imtina edib.
Növbəti məhkəmə iclası aprelin 30-na təyin edilib.
Quba rayon (Bakıdan 168 kilometr şimal) icra hakimiyyəti başçısı Ziyəddin Əliyev müstəqil jurnalist Cəmil Məmmədlini xüsusi ittiham qaydasında məhkəməyə verib. Əliyev jurnalistin ona sosial şəbəkələrdə böhtan atdığını və təhqir etdiyni iddia edir.
Bu jurnalsitin Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə bağlı araşdırma videolarından sonraya təsadüf edir.
Cəmil Məmmədli hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir. O, əvvəllər Azadlıq radiosunun bölgə müxbiri olub.