Qubad İbadoğlu: Güclənən dollara qarşı lirə, rubl, yuan və manat koalisiyası nəyisə dəyişmək gücündə deyildir

Dollar

İqtisad elmləri doktoru Qubad İbadoğlu xarici ticarət əməliyyatlarının milli valyuta ilə aparılması barədə bəyanatlara münasibət bildirib. Ekspertin fikrincə, Azərbaycanda xarici ticarət iştirakçılarının əksəriyyəti fiziki şəxslər olduğundan hökumətin belə addım atması yazlnız ziyan gətirə bilər.

İbadoğlunun Facebook səhifəsində dərc etdiyi məqaləni təqdim edirik:

Xarici ticarətdə hesablaşmaların milli valyuta ilə aparılması manatın mövqeyini daha da zəiflədə bilər.

Odur ki, iqtisadi qiymətləndirmələr və mülahizələr Azərbaycanın bu tip siyasi layihələrdə yer almasının əleyhinədir.

Bu günlərdə Türkiyə prezidentinin "valyuta spekulyasiyaları ilə kimlərsə iqtisadiyyatımıza mənfi təsir etməkdədir. Lakin bunun arxasında iqtisadi səbəb durmur. Məqsəd siyasi əməliyyatları hazırlamaqdır. Bu cür spekulyasiyalara qonşu ölkələr, konkret desəm, Çin, Rusiya, Azərbaycan da məruz qalır. Amma, biz bu oyunlara son qoyacağıq. Bunun üçün milli valyutaya inamı artırmalıyıq. İdxal-ixrac əməliyyatlarında milli valyutalardan istifadə olunmalıdır", fikirləri xarici ticarət əməliyyatlarında milli valyutalarla hesablaşmaları yenidən gündəmə gətirib. Prezident Ərdoğanın son bəyanatında "idxal-ixrac əməliyyatlarında milli valyutadan istifadə olunmalıdır", fikrinin tələb tonunda yer almasını və hazırkı durumdan əziyyət çəkən ölkələrin siyahısında Azərbaycanın da adını hallandırmasını əsas götürərək bir daha bu məsələyə münasibət bildirmək və aşağıdakı vacib məqamlara toxunmaq istərdim.

İlk növbədə onu qeyd edim ki, bu ilin 11 ayının gömrük məlumatlarına görə, Azərbaycanda xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 13244 olub ki, onun da 8018-i fiziki şəxslər, 5226-ı hüququ şəxslərdir. Hüquqi şəxslərin yalnız 240-ı dövlət, 4986-ı isə özəl bölməni təmsil edib. Belə olan halda xarici ticarətdə milli valyuta ilə hesablaşmalara keçid qərarı mərkəzləşdirilmiş halda dövlət şirkətlərinə şamil oluna bilər. Özəl bölmə və fiziki şəxslər xaricə çıxartdığı mal və xidmətləri hansı valyutada satmaq qərarını özü verir. Ona görə də neftdən kənarda idxal və ixrac əməliyyatlarının böyük hissəsinin özəl bölmə və fiziki şəxslər tərəfindən həyata keçirilməsi inzibati qaydada qəbul edilmiş bu tip qərarların icrasını çətinləşdirir. Onların sərbəst satış hüququnun mövcudluğu şəraitində, Türkiyə və Rusiya ilə sərhəd bölgələrində yaşayan bir qrup əhali istisna olmaqla böyük əksəriyyət sahibkar adı çəkilən 3 ölkəyə ixraca göndərdiyi malın və xidmətin dəyərinin qeyri-sabit vəziyyətdə olan, son vaxtlar sürətlə dəyər itirən lirə, rubl və yuanla ödənilməsində maraqlı olmayacaq. Digər tərəfdən də hələ də gerçək məzənnəsi məlum olmayan manata həmin 3 ölkəni təmsil edən özəl sahibkarların da marağınının formalaşması inandırıcı görsənmir.

İkincisi, bu ilin 11 aylıq statistikasına görə Azərbaycana olan idxalın 40 faizə qədərini Türkiyə, Rusiya və Çin təmin edir. Onların birlikdə Azərbaycana göndərdikləri malın həcmi 4 milyard dollardan çoxdur, Bu isə o deməkdir ki, həmin ölkələrin sahibkarları Azərbaycandan 4 milyard dollarlıq manat qazanmalıdırlar. Bu ilin 11 ayının statistik yekunlarına görə, həmin 3 ölkəyə Azərbaycandan ixracat 2 milyard dollardan çox olmayıb. Bu isə o deməkdir ki, bizim sahibkarlar 2 milyard dollarlıq lirə, rubl və yuan qazanacaq və o miqdarda da ölkəyə mal gətirə biləcək, yerdə qalan 2 milyard dollarlıq fərqi isə yenə də dollarla ödəmək məcburiyyətində qalacaqlar. Belə hesablaşmalar isə qarşı tərəfin xeyrinə işləyəcək, onların milli valyutasını möhkəmlədəcək, bizim manatı bir az da zəiflədəcək.

Nəhayət, onu da qeyd edim ki, Azərbaycanın əsas ixrac məhsulu xam neftdir, onun da satışı dollarla həyata keçirilir. Biz tərəfdən neftin və neft məhsullarının, eləcə də qazın dollara deyil, həmin 3 ölkənin milli valyutalarına satılması manatı daha da ucuzlaşdıra bilər. Odur ki, iqtisadi qiymətləndirmələr və mülahizələr Azərbaycanın bu tip siyasi layihələrdə yer almasının əleyhinədir.

Yekun olaraq onu da əlavə etmək istərdim ki, getdikcə hökmran mövqeyi güclənən dollara qarşı lirə, rubl, yuan və manat koalisiyası nəyisə dəyişmək gücündə deyildir. Əksinə, belə birlik həmin ölkələrin milli valyutasının daha da dəyərsizləşməsinə gətirib çıxaracaq.