Xameneyi və Ruhani arasında fikir ayrılıqları mövcuddur


İranın ali dini rəhbəri Ayətulah Əli Xameneyi prezident Həsən Ruhanin Qərblə yaxınlaşmas təşəbbüslərinə dəstəyini bildirib, lakin cənab Ruhaninin keçən ay Nyu-Yorka səfərinin bəzi məqamlarını “qeyri-münasib” kimi qiymətləndirib.

Onun açıqlamaları şənbə günü ali dini rəhbərin veb səhifədə yerləşdirilib. Ayətullah Əli Xameneyi razı qalmadığı məqamların detallarına toxunmayıb, lakin belə görünür, o, İran prezidentinin ABŞ prezidenti Barak Obama ilə telefon söhbətini nəzərdə tutur.

Ayətullah Xameneyi ABŞ hökumətinə etibar edilməməli olduğunu və öz vədlərini pozduğunu bildirib.

Cənab Obama və cənab Ruhani arasında sentyabrın 20-də baş tutmuş 15 dəqiqəlik telefon söhbəti 35 ilə yaxındır İran və ABŞ liderləri arasında ilk təmasdır.

İranın elitar İnqilab keşikçilərinin komandanı, general Məhəmməd Əli Cəfəri də cənab Ruhaninin telefon diplomatiyasını tənqid edərək, prezident Obama ilə söhbəti taktiki səhv adlandırıb.