Ayətulla Əli Xameneyi: Nüvə proqramının uzun müddətə məhdudlaşdırılması qəbul edilməyəcək

İranın ali ruhani lideri ölkəsinin nüvə proqramının uzun müddət məhdudlaşdırılmasını qəbul etməyəcəyini bildirib.

Dünyanın 6 qüdrətli dövləti ilə İran arasında iyun ayının 30-dək əhatəli razılıq əldə edilməlidir. Razılıqda beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində İran gələn 10 il müddətində nüvə proqramını məhdudlaşdırmalıdır.

Ayətulla Əli Xameneyi isə bu müddətin qəbuledilməz olduğunu və razılığın şərtlərinə görə beynəlxalq müfəttişlərin hərbi obyektləri yoxlamasına yol verilməyəcəyini deyib.

O, eyni zamanda razılıq imzalandıqdan dərhal sonra iqtisadi sanksiyaların ləğv edilməsini tələb edib.

Sanksiyaların yüngülləşdirilməsinin sürəti Britaniya, Fransa, Çin, Rusiya, ABŞ və Almaniya ilə aparılan yekun müzakirələrin əsasını təşkil edir.