Dünya Bankı qlobal iqtisadiyyatın yavaşlaması, inflyasiyanın artması ilə bağlı xəbərdarlıq edir

Dünya Bankı qlobal artımla bağlı proqnozlarını 1,2%-dən 2,9%-ə endirdiyi vaxt çərşənbə axşamı bildirib ki, dünya 2022-ci il üçün "zəif artım və yüksək inflyasiyanın uzun sürən dövrünə" daxil olur.

Dünya Bankı bir çox ölkənin iqtisadi tənəzzüllə üzləşə biləcəyini əlavə edib.

Beynəlxalq qurum problemi əsas etibarilə COVID-19 pandemiyası ilə əlaqələndirir və Rusiyanın Ukraynaya qarşı təcavüzünün də amil olduğunu bildirib.

"Staqflyasiya təhlükəsi bu gün kifayət qədər böyükdür," Dünya Bankının prezidenti Devid Malpass hesabata yazdığı ön sözdə deyib. "Dünyanın əksər hissəsində zəif sərmayə qoyuluşu səbəbindən artan inflyasiya, ehtimal ki, on il ərzində davam edəcək. İndi bir çox ölkədə inflyasiyanın onilliklər ərzində ən yüksək həddə çatdığı və tədarük artımının yavaş olacağı gözlənildiyi fonda inflyasiyanın daha uzun müddətdə daha yüksək həddə qalması riski var" – deyə, o əlavə edib.

Dünya Bankı hesab edir ki, qlobal artım inflyasiyanın bir çox iqtisadiyyatlarda yüksək olaraq qalması ilə 2023 və 2024-cü illərdə 3% civarında olacaq.

Qurum ABŞ-da artımın keçən illə müqayisədə 5,7% olmasına baxmayaraq, bu il yalnız 2,5% olacağını qeyd edib.

Bankın proqnozuna görə, Avropada da keçən il 5,4% ilə müqayisədə 2,5% artım gözlənilir.

Dünya Bankının bildirdiyinə görə, Çində bu il 4,3% artım gözlənilirdi ki, bu da keçən il 8,1%-lə müqayisədə daha aşağı göstəricidir. Qurum bunu COVID-19 səbəbi ilə ölkədə sərt karantin tədbirləri ilə əlaqələndirib.