Bloomberg: Ağ Ev Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin müsadirəsi haqqında qanun layihəsini dəstəkləyir

Bloomberg xəbər verir ki, prezident Co Bayden administrasiyası Ukraynanın yenidənqurma işlərinə yardım üçün Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivlərinin bir hissəsini müsadirə etməyə imkan verən qanun layihəsini dəstəkləyir.

Çərşənbə günü Bloomberg-də dərc olunan məqalədə Ağ Evin Ukraynaya əlavə maliyyə yardımı ayırmaq üçün Konqresin dəstəyini qazanmağa çalışdığı deyilib.

Milli Təhlükəsizlik Şurası noyabr ayında Senatın Xarici Əlaqələr Komitəsinə göndərdiyi məktubunda administrasiyanın bu vəsaitləri müsadirə etməyə imkan verən qanunvericiliyi alqışladığı bildirilib.

“Qanun layihəsi icra hakimiyyətinə Rusiyanın suveren aktivlərini Ukraynanın xeyrinə müsadirə etmək üçün lazım olan səlahiyyətləri verəcək” Bloomberg-in əldə etdiyi Xarici Əlaqələr Komitəsinə göndərilən memorandumda bildirilib.

Bayden bu addımı Konqresdəki Respublikaçıların Vaşinqtonun çox böyük maliyyə yükünü öz üzərinə götürməsi ilə əlaqədar Ukraynaya 60 milyard dollardan çox maliyyə vəsaitini blokladığı üçün dəstəkləyib.

Administrasiya bu məsələni G-7, əsasən də Rusiyanın dondurulmuş 200 milyard dollarlıq aktivlərinin saxlandığı Avropa müttəfiqləri ilə müzakirə etmək istəyir.

Administrasiyanın yüksək səviyyəli rəsmisinin bildirdiyinə görə, Milli Təhlükəsizlik Şurası yeni səlahiyyətləri ABŞ-ın Rusiyanı müharibənin vurduğu ziyanı ödəməyə məcbur etmək üçün düşündüyü tədbirlərin bir hissəsi kimi dəstəkləyir. Dünya Bankı hesab edir ki, Ukraynada yenidənqurma işləri təxminən 411 milyard dollara başa gələ bilər.