Ağ Evin veb səhifəsində Dağlıq Qarabağa dair petisiya

Obama administrasiyası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının işğalı məsələsinə diqqət verməyə çağırılır

Ağ Evin veb səhifəsində prezident Barak Obama administrasiyasının diqqətini Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğalı məsələsinə çəkmək məqsədilə imza toplama kampaniyası keçirilir.

Petisiyada Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, bir milyondan artıq insanın qaçqın və məcburi köçkün olduğu qeyd edilir.

Burada BMT Təhlükəsizlik Şurasının Ermənistanın silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarmasına dair dörd qətnamə (822, 853, 874 və 884 saylı qətnamələr) qəbul etdiyi, lakin Ermənistanın qətnamələrə əməl etmədiyi göstərilir. Sənəddə ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha fəal rol oynamağa çağırılır.

Ağ Evin vətəndaşları narahat edən məsələlərlə bağlı administrasiyaya müraciət edə bilməsi məqsədilə yaratdığı “We the People” səhifəsində yerləşdiriliş petisiyanın nəzərdən keçirilməsi üçün ona 2013-cü il fevralın 23-ə kimi 96 mindən çox adamın imza atması lazımdır. Sənədə artıq 3538 nəfər imza atıb.

Yanvarın 26-da Ağ Evin veb səhifəsində Obama administrasiyasını Xocalı qətliamının anılması və tanınmasına çağıran daha bir petisiya yerləşdirilib.