Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi çərşənbə günü jurnalistlərə bildirib ki, 2015-ci ildə İranla əldə edilmiş nüvə sazişinin bərpası hazırda Bayden administrasiyasının diqqət mərkəzində deyil.
Kirbi ABŞ-ın İranın nüvə silahı əldə etməməsini təmin etmək öhdəliyinə sadiq qaldığını və prezident Co Baydenin "hələ də bunun diplomatik yolla həllinə üstünlük veriləcəyinə inandığını" deyib.
Lakin Kirbi İranın vicdanla danışıqlar aparmadığını və "bu istiqamətdə hərəkət etməyə heç bir meyl göstərmədiyini" bildirib.
Rəsmi olaraq "Birgə Hərtərəfli Fəaliyyət Planı" kimi tanınan nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması müqabilində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.
ABŞ sazişdən 2018-ci ildə, o vaxtkı prezident Donald Trampın şərtlərin İran üçün çox əlverişli olduğunu dediyi üçün çıxmışdı. İranlılar buna reaksiya verərək, müqavilədəki öhdəliklərini yerinə yetirməməyə, daha təkmil sentrifuqalardan istifadə, uranın daha yüksək səviyyələrə zənginləşdirməsi və zənginləşdirilmiş uranın daha böyük ehtiyatlarını saxlanmağa başladı.
Kirbi deyib ki, Ağ Evdə məsələyə prioritet verilməməsinin bir hissəsi İrandakı "məişət çəkişmələri", eləcə də İranın Ukraynaya təcavüzündə Rusiyaya dəstək olması olub.