İctimai və siyasi fəallar Bəxtiyar Hacıyevin üzləşdiyi təzyiqlərlə bağlı nə düşünür?

Keçən həftə ictimai fəal Bəxtiyar Hacıyev sosial mediada küçədən oğurlanması və işgəncələrə məruz qalması haqda məlumat paylaşdı. Bu məlumatın verilməsindən sonra fəallar, vətəndaş cəmiyyəti və siyasi partiya nümayəndələri Hacıyevə dəstəklərini ifadə etdilər və bu hadisənin təcili şəkildə araşdırılmasını tələb etdilər.

SEE ALSO: Bəxtiyar Hacıyev: “Bu cinayət açılmayana qədər mənim üçün bir nömrəli şübhəli Azərbaycan hakimiyyəti və Daxili İşlər Nazirliyi olacaq”

Bu hadisə ilə bağlı bəzi ictimai və siyasi fəalların fikirlərini təqdim edirik.

“Belə təqiblər baş verəndə, mütləq hamı səsini çıxarmalıdır”

Your browser doesn’t support HTML5

İctimai fəal Rüstəm İsmayılbəyli: “Belə təqiblər baş verəndə, mütləq hamı səsini çıxarmalıdır”

Rüstəm İsmayılbəyli, ictimai fəal:

“Mənim fikrimcə, Bəxtiyar Hacıyevin özünün də dediyi kimi, bu məsələ birbaşa ən yüksək səviyyədə nazirlikdən tapşırılıb. Ümumiyyətlə mənim fikrimcə, Azərbaycanda heç bir başqa qüvvə Bəxtiyar Hacıyev kimi tanınmış bir ictimai fəala bu hadisəni törədə bilməz. Vətəndaş cəmiyyəti ölkədə belə hallar olanda, bu səviyyədə işgəncələr, təqiblər və həbslər baş verəndə, mütləq hamı eyni formada səsini çıxarmalıdır və çox dəqiq, çox kəskin formada bu hadisəni törədənlərə qarşı ictimai rəy formalaşadırılmalıdır. Çünki, onsuz da vətədaş cəmiyyəti illər ərzində zəiflədilib və dövlət də illər ərzində mərkəzləşdirilib və çox güclənib. Buna qarşı, bu güclənmiş və mərkəzləşmiş dövlətə qarşı atıla biləcək, ən azından öz bədənimizi qoruya biləcəyimiz yeganə üsul çox kəskin, çox dəqiq, heç bir formada tərəddüdə qapılmadan vətəndaş cəmiyyəti rəyi yaratmaqdır.”

“Bu, mən də ola bilərəm, hər hansı bir başqa insan da ola bilər”

Your browser doesn’t support HTML5

Feminist fəal Gülnara Mehdiyeva: “Bu, mən də ola bilərəm, hər hansı bir başqa insan da ola bilər”

Gülnara Mehdiyeva, feminist fəal:

“Azərbaycanda heç bir dövlət qurumunun bu qədər rahatlığı olmamalıdır ki, hər hansı bir vətəndaşı oğurlasın, aparsın, onu ölümlə hədələsin və ona işgəncə versin. Heç bir dövlət qurumunun. Fərqi yoxdur, bu Daxili İşlər Nazirliyidir və ya prokurorluqdur, DTX-dır və s. Belə bir qüdrəti özündə tapmalı deyil və ümumiyyətlə cəzadan qorxmalıdır. Əgər ictimaiyyət tərəfindən kifayət qədər tanınan, mediaya çıxışı olan, beynəlxalq təşkilatlara çıxışı olan, vəkillərə çıxışı olan bir insana rahatlıqla bunu edə bilirlərsə, gör indi sadə vətəndaşlara həmin qurumlar nələr edir, necə işgəncələr olub ki, bizim heç bəlkə də xəbərimiz olmayıb. Bu gün Bəxtiyardır, sabah hökumətin və yaxud hansısa bir dövlət qurumunun xoşuna gəlməyən, belə deyək, arzuolunmaz hesab etdiyi bir çox başqa adamlar ola bilər. Bu, mən də ola bilərəm, lap elə siz jurnalistlər də ola bilərsiniz, hər hansı bir başqa insan da ola bilər. Ona görə də, vətəndaş cəmiyyəti bunu birbaşa özünə edilən hərəkət kimi qiymətləndirməlidir və əgər biz indi reaksiya verməsək, deməli bunun ardı olacaq və ardı belə olmayacaq. Bundan daha qəddar, daha amansız olacaq.”

“Bəxtiyar Hacıyeva qarşı çevrilmiş bu fakt qisasçılıq aktıdır”

Your browser doesn’t support HTML5

"Qadın üçün" təşəbbüs qrupunun təsisçisi Zümrüd Yağmur: “Bəxtiyar Hacıyeva qarşı çevrilmiş bu fakt qisasçılıq aktıdır”

Zümrüd Yağmur, "Qadın üçün" təşəbbüs qrupunun təsisçisi:

“Bu qisasçılıq aktıdır, Bəxtiyar Hacıyeva qarşı çevrilmiş bu fakt və mən düşünmürəm ki, Daxili İşlər Nazirliyi və yaxud da dövlət səviyyəsində, prezident səviyyəsində bu məsələnin araşdırılması, ədalətli həllin tapılması baş verəcək. Amma bu o demək deyil ki, Bəxtiyar Hacıyev və ümumiyyətlə biz Azərbaycan cəmiyyəti buna tabe olmalıdır və yaxud da düşünməlidir ki, əgər heç bir nəticə yoxdursa, biz buna susmalıyıq. Xeyr, mənə elə gəlir ki, Bəxtiyar Hacıyevin başına gəlməsi məhz elə susmanın nəticəsidir. Çünki, Bəxtiyar Hacıyevin oğurlanması faktına qədər digər oğurlanma faktları olmuşdu. Bu jurnalistlərə qarşı olmuşdu, bu hüquq müdafiəçilərinə qarşı olmuşdu, bu siyasilərə qarşı olmuşdu. Cəmiyyət olaraq buna öz etirazımızı bildirməliyik. Kimin hansı formada etiraz etməyə gücü çatırsa, o şəkildə də öz etirazını bildirməlidir. Çünki biz hər zaman deyirdik ki, sıra hamımıza gələcək, bax həmin o gün baş verir artıq. Sıra yavaş-yavaş hamımıza gəlir.”

“Bu, dövlət səviyyəsində işgəncənin çatdığı nöqtəni göstərir”

Your browser doesn’t support HTML5

İctimai fəal İlkin Rüstəmzadə: “Bu, dövlət səviyyəsində işgəncənin çatdığı nöqtəni göstərir”

İlkin Rüstəmzadə, ictimai fəal:

“Bu artıq işgəncənin, dövlət səviyyəsində işgəncənin gəlib çatdığı nöqtəni göstərir. Bəxtiyara edilənlər açıq aşkar dövlət terrorudur. Bu hadisəyə yanaşma və dövlətin bu məsələdə astagəlliyi, araşdırmanın çox ləng getməyi onu göstərir ki, açıq-aşkar arxasında dövlət dayanır. Bu akt elə bir akt idi ki, Azərbaycanda vətəndaş cəmiyyəti və müxalif düşərgə konkret olaraq birləşməli və çox ciddi, prinsipial bir qırmızı xətt çəkməli idilər.”

“Döyən özləri, şikayəti araşdıran qurum özləri”

Your browser doesn’t support HTML5

İctimai fəal Nərmin Şahmarzadə: “Döyən özləri, şikayəti araşdıran qurum özləri”

Nərmin Şahmarzadə, ictimai fəal:

“Bəxtiyar Hacıyevin başına gələn hadisə nə ilkdir, nə də güman edirik ki, son olacaq. Amma çox dəhşətlidir və hər dəfə dozanı artıraraq edirlər. Siyasi fəaliyyətlə məşğul olan kəslərin, aktivistlərin, müstəqil partiya nümayəndələrinin fəaliyyətinə bu şəkildə “qiymət” verirlər. Bu qiymətvermə ilə də digərlərini prosesdən çəkindirməyə çalışırlar. Kimlərsə onları, yuxarı ranqdakı məmurları tənqid etdiyi zaman onlara dərs verməyə çalışırlar ki, əgər dilin uzundursa, mütləq cəzalandırılacaqsan. Bundan bağlı şikayətlərin cavabı əlbəttə ki, effektiv deyil. Çünki, döyən özləri, şikayəti araşdıran qurum özləri. Və yaxud da, təkcə döymək deyil, eyni zamanda digər cinayətləri edən də özləridir. Hər nə qədər göstərməyə çalışsalar da ki, siyasi həbsləri azaltmışıq və s... siyasi həbsləri azaltmaq işin mahiyyətini dəyişmir. O şəkildə azaldır, başqa formada cəzalandırır.”

“Siyasi məsuliyyət Azərbaycanın prezidenti və Azərbaycan hakimiyyətinin üzərindədir”

Your browser doesn’t support HTML5

ReAL partiyasının icraçı katibi Natiq Cəfərli: “Siyasi məsuliyyət Azərbaycanın prezidenti və Azərbaycan hakimiyyətinin üzərindədir”

Natiq Cəfərli, ReAL partiyasının icraçı katibi:

Əlbəttə ki, bu tip hadisələrin istənilən ölkə vətəndaşının başına gəlməsi siyasi partiyaların mövqeyi birmənalıdır ki, hüquq pozuntusudur, hətta cinayətdir. Bəxtiyar bəyin başına gələnlər ciddi araşdırılmalıdır və günahkarlar mütləq cəzasını çəkməlidir. Söhbət tək Bəxtiyar bəyin şəxsiyyətindən getmir, söhbət həm də Azərbaycan vətəndaşlarına Azərbaycan dövlətinin münasibətindən gedir. İstənilən şəxs, Azərbaycan vətəndaşı bu tipli münasibətə, bu tipli hadisələrə tuş gəlməməlidir. Bu birbaşa qanun pozuntusudur, insan haqq və azadlıqlarının məhdudlaşdırılmasıdır, hətta insan oğurluğudur və bu, cinayətdir. Hakimiyyətin boynunun borcudur ki, bunu araşdırsın. Çünki ən azından siyasi məsuliyyət Azərbaycanın prezidenti və Azərbaycan hakimiyyətinin üzərindədir. Çünki bu məsələnin araşdırılması məhz onların bu məsələyə necə olmasından xəbər verəcək.