Qarpızın qiyməti nə üçün bahalaşıb? Saatlının Şirinbəy kəndindən fotoreportaj

Ötən illərdə 10-15 qəpik olan qarpız bu il 40-50, bəzi hallarda hətta 60 qəpik olmasının səbəbi nədir? Bu suala cavab tapmaq üçün Əziz Kərimov qarpız yığılan kəndlərdən biri - Saatlının Şirinbəy kəndinə yola düşdü. Onun hazırladığı fotoreportajı təqdim edirik.

İlk olaraq Sabirabada yola düşdük. Lakin ora çatanda dedilər ki, “gecikmisiniz, burada qarpız yığımı bitib.” Əlavə etdilər ki, yığım hal-hazırda Saatlıda, daha sonra Ağcabədi və digər rayonlarda davam edəcək.

Yolumuzu saldıq Saatlıya. Rayonun Şirinbəy kəndinə çatanda orada bostanda bir-birinə qarpız ötürən insanları, bostanların önündə öz növbələrini gözləyən KAMAZ-ları gördük. 

Burada isti havanın təhlükə yaratdığı üçün günorta saatlarında heç kim işləmir. Kəndlilər səhər 5:00-9:00 arası və 19:00-dan sonra bostanlarda çalışırlar. Digər saatlarda bostanlarda yalnız mal-qaranın içəri girməsinə imkan verməyən nəzarətçilər olur. 

Bir KAMAZ-a nə qədər qarpız yerləşdiyini təxmin edə bilərsiniz? Gözlə saymaq mümkün deyil. Kəndlilər dedilər ki, yük maşınına təxminən 2500-2600 qarpız yerləşir. Bu da aşağı-yuxarı 16 ton deməkdir. 

İndi keçək əsas məsələyə. Qarpız nə üçün bahalaşıb? Kəndlilər əsas problemin quraqlıq olduğunu dedilər: “Su problemi məhsula çox böyük zərbə vurub. Ötən illərin iyulun əvvəllərində qarpızı 7-15 qəpiyə satırdıq, bu dəfə quraqlıq bizim işimizi geri atıb. Ona görə məcbur olub qarpızı baha satmışıq.”

“1 hektar sahə üçün təxminən 4000-4500 manat xərc tələb olunur. Toxum, gübrə, fəhlə pulu və s. Hamısı xərc tələb edir. Hələ torpağın illik icarə haqqını da üstünə gələndə lap çox olur. Bütün bunları da nəzərə alıb, qiyməti biz də qaldırdıq.”

Digər tərəfdən də ilk qarpız məhsulunun xeyli hissəsi iyunun ortasında Rusiya bazarlarına göndərilib. Bu da yerli bazarda onsuz da az olan təklifi daha da məhdudlaşdırdı. Nəticə: qiymətlər bahalaşdı.

Hazırkı durumda fermerlər qarpızı 17-18 qəpikdən alıb, bazarlara 25-27 qəpiyə verirlər. Bazarlar da üstünə lazım bildikləri qiyməti qoyub insanlara satırlar.

Fermerlər bizi inandırmağa çalışdı ki, 7-10 günə qarpızın qiyməti sürətli enəcək və insanlar qarpızı ötən illərdəki kimi 10-15 qəpiyə ala biləcəklər.