Vaşinqton, London və Brüssel Navalnının ölümünə cavabdeh olanları məsuliyyətə cəlb etmək niyyətindədir

Çərşənbə günü Britaniya Rusiyanın müxalifət lideri Aleksey Navalnının ötən həftə öldüyü koloniyanın 6 rəhbərinə qarşı sanksiya tətbiq edib. Britaniyanın xarici işlər naziri David Kameron verdiyi açıqlamasında koloniyanın rəhbəri və onun 5 müavininin Britaniyaya girişinə qadağa qoyulacağını, onların aktivlərinin dondurulacağını qeyd edib.

"Aydındır ki, Rusiya hakimiyyəti Navalnıya təhdid kimi baxıb və dəfələrlə onu susdurmağa çalışıb. Rusiya sisteminin repressiv xarakterinə heç kim şübhə etməməlidir" - deyə, Kemeron bildirib.

O, "Navalnıya qarşı pis rəftarda günahkar olanların heç bir illüziyası olmamalıdır, biz onları məsuliyyətə cəlb edəcəyik" deyib.

Britaniya Xarici İşlər Nazirliyi Navalnının ölümünə görə Rusiya hakimiyyətinin "tam məsuliyyət" daşıdığını bildirmək üçün Rusiya səfirini çağırıb.

Avropa İttifaqı bu həftə Navalnının dul arvadı Yuliya Navalnayanın Putinin məsuliyyətə cəlb edilməsinin zəruriliyi ilə bağlı bəyanatları fonunda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi istiqamətində addımlar atıb.

Almaniya, Litva və İsveç Navalnının ölümünə görə Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağıran ölkələri arasında olub.

Prezident Co Bayden çərşənbə axşamı bildirib ki, ABŞ Navalnının ölümü və Rusiyanın Ukraynaya təcavüzünün ildönümü ilə əlaqədar Rusiyaya qarşı yeni böyük sanksiyaları cümə günü elan edəcək.

Həbsdə olan rusiyalı müxalifətçilər də Navalnının ölümü ilə bağlı açıqlamalar verib.

25 il həbs cəzasına məhkum edilən Vladimir Kara-Murzanın mesajında "Mən bir şeyi dəqiq və qəti şəkildə bilirəm - Aleksey Navalnının ölümünə görə məsuliyyəti şəxsən Vladimir Putin daşıyır. Çünki Aleksey onun şəxsi məhbusu idi" deyilib.

Ukraynaya təcavüzü pislədiyinə görə 8 il həbs cəzasına məhkum edilən İlya Yaşin də Navalnının Putinin əmri ilə öldürüldüyünün "şübhəsiz" olduğunu bildirib.