İsrail-HƏMAS münaqişəsini işıqlandıran jurnalistlər: "Hər kəs müharibə müxbiridir"

HƏMAS-ın İsrailin cənubuna hücumundan sonra ilk gecə xəbər redaktoru Emi Spiro The Times of Israel üçün canlı veriliş aparırdı. O vaxtdan bəri bu qəzetin işçiləri hazır vəziyyətdədir.

"Hazırda bizim hər bir müxbirimiz hərbi müxbiridir. Daha vacib heç nə yoxdur. Başqa bir məsələ yoxdur. Başqa bir xəbər yoxdur. Hamı hərbi müxbirdir."

Spiro baş verənlər barədə məlumat vermək üçün məsuliyyət hiss etdiyini deyir. "Hər kəs gecə-gündüz işləyir. Mənə elə gəlir ki, başqa bir şey etmək düzgün deyil" - deyə, o, Qüdsdən Amerikanın Səsinə bildirib.

Lakin jurnalist əlavə edib ki, İsrailə hücum etdiyi və 1300-dən çox israillini öldürdüyü üçün HƏMAS militant qruplaşmasına müharibə elan etməsindən bir həftə keçməmiş emosional təzyir artıq ona ağır gəlir.

İsrail və Qəzzada münaqişəni işıqlandıran müxbirlər təhlükəsizlik təhdidləri və emosional təsirlərdən tutmuş, elektrik enerjisinin və internet bağlantısının qeyri-sabitliyinə qədər, bir sıra problemlərlə mübarizə aparır.

Jurnalistləri Müdafiə Komitəsindən Yaxın Şərqi işıqlandıran Şərif Mansur "hazırda baş verənlərlə bağlı məlumat üçün onlara ən çox ehtiyac duyulmasına baxmayaraq, hamı yerlərdə jurnalistlərin ən həssas vəziyyətdə olduğunu bilir" deyib.

Jurnalistləri Müdafiə Komitəsi may ayında İsrail Müdafiə Qüvvələrinin üzvlərinin son 22 il ərzində 18-i fələstinli olmaqla, azı 20 jurnalisti öldürdüyünü bildirmişdi. Bu ölümlərə görə heç kim ittiham olunmayıb və məsuliyyət daşımayıb.

Mənsurun dediyinə görə, Jurnalistləri Müdafiə Komitəsi hərbi müdaxilədən sonra öldürülən israilli jurnalistlərlə bağlı məlumatları araşdırır.

HƏMAS-ın törətdiyi qətllərə və insan oğurluğuna cavab olaraq İsrail müharibə elan edib, blokadada olan Qəzza zolağı və onun 2 milyondan çox əhalisini mühasirəyə alıb. Anklavdakı rəsmilərin bildirdiyinə görə, fasiləsiz bomba hücumu Qəzzada 1500-dən çox insanın ölümünə səbəb olub.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, döyüşlərin ilk beş günündə Qəzzada ölənlər arasında azı 7 jurnalist var. Digərləri isə ya yaralanıb, ya da itkin düşüb. Onların işlərinə görə hədəf olub-olmadıqları bəlli deyil.

Müxbirlərin çoxu üçün münaqişəni işıqlandırmaq onların görə biləcəkləri ən yaxşı işdir və onlar deyirlər ki, bu, heç nə etməməkdən daha yaxşıdır. Məsələn, Spiro müntəzəm olaraq The Times of Israel-in böhranla bağlı canlı bloqunu hazırlayır.

"Bir tərəfdən, baş verən hər şey sənə təsir edi və bu, həddən artıq çoxdur. Digər tərəfdən, sən reallıq haqqında düşünə bilməyəcək qədər məşğulsan" deyir Spiro.