Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ilə Bumerang Media kanalının rəhbəri Elçin Rəhimzadə bu gün, noyabrın 6-da Bakı vaxtı ilə saat 13-də kimliyi bilinməyən şəxslər tərəfindən partiyanın qərargahından naməlum istiqamətə aparılıblar.
Bu barədə Vətəndaş və İnkişaf Partiyasının bəyanatında deyilir.
“Bir neçə saat ərzində onların kimlər tərəfindən və hara aparıldıqlarını müəyyənləşdirmək mümkün olmadıqda, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) "102" qaynar xəttinə məlumat verilib. Daha sonra 27-ci Polis bölməsinin əməkdaşları VİP qərargahına gələrək, olayla maraqlanıblar və müvafiq qeydlər götürüblər. Lakin bu bəyanat yayıldıği vaxt, Bakı vaxtı ilə saat 21-də Əli Əliyev və Elçin Rəhimzadə barəsində hər hansı səhih məlumatın olmaması yaranmış narahatlığı daha da artırır,” sənəddə qeyd edilir.
Vətəndaş və İnkişaf Partiyası Əli Əliyev ilə Elçin Rəhimzadənin hansı qurum tərəfindən və niyə aparıldıgina dair məlumat verilməsini, onların ən qısa müddətdə sərbəst buraxılmasını tələb edir.
Rəsmi qurumlar partiya sədrinin və jurnalistin saxlanmasının səbəbləri ilə bağlı hələ açıqlama verməyib.
Əli Əliyev Bakı vaxtı ilə saat 22-də Amerikanın Səsinə müsahibəsində bildirib ki, bir cinayət işi üzrə şahid qismində Dövlət Təhlükəsizliyi Xidmətində 8-9 saat dindirildikdən sonra sərbəst buraxılıb.
Your browser doesn’t support HTML5
"Problem daha çox Bumerang Mediada gedən bir məlumatla bağlıdır. Bunu istintaq dindirməsi kimi qiymətləndirirəm. Ola bilər ki, alt yapıda hansısa təzyiq elementləri olsun. Kifayət qədər miqyaslı cinayət işidir," o qeyd edib.
Vətəndaş və İnkişaf Partiyası 2006-cı il mayın 28-də yaradılıb. Partiya müxlaif mövqedən çıxış edir.
Əli Əliyev 1967-ci il avqustun 19-da Bakı şəhərində anadan olub. O əvvəllər Azərbaycan Xalq Cəbhəsinin və Milli İstiqlal Partiyasının funksioneri olub.