Vəkil Tofiq Yaqublu ilə görüşüb

Sentyabrın 8-də vəkil Nemət Kərimli 3 saylı İstintaq Təcridxanasında hüquqlarını müdafiə etdiyi müxalif siyasətçi Tofiq Yaqublu ilə görüşüb.

Vəkil deyir ki, Tofiq Yaqublu ilə sentyabrın 7-də Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva onunla görüşüb.

Onun sözlərinə görə T.Yaqublu aclıq aksiyasını davam etdirdiyini söyləyib.

“İndicə Tofiq bəylə görüşdüm, dostlara salam göndərdi. Dünəndən bu günə yarım kiloqram arıqlayıb, halsızdı, çətinliklə yeriyir, amma qətiyyətlidi. Dünən Ombudsman onunla görüşüb. Tofiq bəy həm ölkədə, həm də xaricdə aclıq edənlərə təşəkkürün bildirdi”- deyə, o bildirib.

N.Kərimli əlavə edib ki, Bakının Nizami Rayon Məhkəməsinin T.Yaqublunun azadlıqdan 4 il 3 ay müddətinə məhrum edilməsi barədə qərarı müdafiə tərəfinə hələ verilməyib.

Öz növbəsində Tofiq Yaqublunun qızı Nigar Həzi deyib ki, ailəsi ilə telefon danışığı dərhal təmin edilməlidir.

"Tofiq Yaqublunun ailəsi ilə telefon danışığı dərhal təmin edilməlidir. Əks təqdirdə biz onun həyatda olmadığını düşünəcəyik" - deyə, o bildirib.

O, Tofiq Yaqubluya olan münasibətdən narahatdır.

"Bir az əvvəl Tofiq Yaqublunun olduğu həbsxanada olan başqa bir məhbusun ailəsi mənə zəng edərək dəstəyini bildirirdi. Qeyd etdi ki,"oğlum hər gün evə zəng edir, danışırıq. Bəs niyə Tofiq bəyə icazə vermirlər. Axı orada elə bir problem olmur, hətta elə olur ki, oğlum gündə iki dəfə zəng edir".

"İndi bu duruma nə ad qoyasan? Necə olur ki, Tofiq Yaqublu aclıq edə-edə ona bu imkan tanınmır, hətta ailəsinin davamlı israrına rəğmən, amma digərləri üçün sorun olmur. Mənim o məhbuslarla heç bir qərəzim yoxdur. İstəyirlər gündə 10 dəfə danışsınlar. Mənə maraqlı olan Tofiq Yaqubluya olan münasibətdir" - deyə, o qeyd edib.

Bir gün əvvəl müdafiə tərəfi bildirmişdi ki, sentyabrın 3-ü aclıq aksiyasına başladığı gündən T.Yaqublunun çəkisi 91 kiloqramdan 82 kiloqrama düşüb.

Bununla yanaşı, Penitensiar Xidmət və Ədliyyə Nazirliyndən Yaqublunun saxlanılma şəraiti və səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

Tofiq Yaqublunun həbsi geniş tənqidlərə yol açıb. Çoxsaylı beynəlxalq təşkilatlar, eyni zamanda ABŞ-ın, Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri narahatlıq ifadə edən bəyanatlarla çıxış edib. Amnesty İnternational Tofiq Yaqublunu vicdan məhbusu elan edib.

Azərbaycan rəsmiləri beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri insanların siyasi iradəsinə görə təqib edilmədiyini bildirir.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

T.Yaqublunun özünün də sentyabrın 3-dən həbsxanada həbsinə etiraz olaraq aclıq aksiyasına başladığı bildirib.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov Yaqublu ilə münaqişə edərək onu ittiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı Tofiq Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.

Məhkəmə həmçinin videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. O, etiraz olaraq aclığa başlayıb.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib.