Vəkil: “Saleh Rüstəmlinin beyin hüceyrələri ölür”

Saleh Rüstəmov

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli 34-cü gündür ki, Azərbaycan Penitensiar Xidmətin müalicə müəssisəsində aclıq edir.

Bu barədə Amerikanın Səsinə dekabrın 9-da ona baş çəkən vəkil Bəhruz Bayramov bildirib.

O, Rüstəmlinin vəziyyətini olduqca ağır kimi dəyərləndirib.

"Saleh Rüstəmlinin vəziyyəti gündən-günə pisləşir. Demək olar ki, danışa bilmir", - Bəhruz Bayramov qeyd edib.

Vəkilin sözlərinə görə, onun Rüstəmli ilə görüşündən öncə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin həkimlərindən ibarət qrup ona baş çəkib.

Onların arasında müharibə veteranlarına yardım göstərmək üçün Azərbaycana gələn türk psixoloqlar da olub.

Vəkil qeyd edib ki, həkimlər ona bildiriblər ki, Rüstəmlinin beyin hüceyrələri ölür və sonradan onları bərpa etmək mümkün olmayacaq və aksiya dərhal dayandırılmalıdır.

Vəkil həkimlərin sözlərini Rüstəmliyə çatdırıb, amma o, aclığı dayandırmaqdan imtina edib.

Dekabrın 6-da vəkillər Bəhruz Bayramov və Aqil Layıc Rüstəmlinin sağlamlıq durumu ilə əlaqədar həbs cəzasının qalan hissəsindən azad edilməsi barədə Bakının Nizami rayon Məhkəməsinə müraciət edib.

Müdafiə tərəfi Cinayət Məcəlləsinin məhbusun ağır xəstəliyi ilə əlaqədar məhkəmə qərarı ilə cəzadan azad edilməsini nəzərdə tutan 78.2-ci maddəsinə istinad edib.

Rüstəmli böyrək çatışmazlığından əziyyət çəkir, bundan başqa uzun müddət aclıq etməsi onun sağlamlığına mənfi təsirlər göstərib.

Qanunvericiliyə görə, məhkəmə 10 gün ərzində ərizəni icraata götürüb-götürməməsi barədə qərar qəbul etməlidir.

“Lakin məhkəmə tez də qərar qəbul edə bilər. Amma hələ müraciətimizlə bağlı cavab verməyiblər,” Bayramov qeyd edib.

Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsi müdafiə tərəfinin müraciəti əsasında məhkəmənin Reqlamentinin Rüstəmliyə münasibətdə müvəqqəti tədbirlərin görülməsi haqqında 39-cu qaydasının mexanizmini işə salıb.

Vəkillər Strasburq Məhkəməsinə müraciətlərində uzun müddət davam edən aclıq aksiyası nəticəsində Rüstəmlinin komaya düşməsi təhlükəsini və səmərəli tibbi yardımın təmin edilməsi üçün onun həbsxana hospitalından mülki klinikaya köçürülməsinin zərurətini qeyd ediblər.

Layıcın sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi Rüstəmlinin sağlamlığı ilə bağlı qaldırdığı suallara cavab vermək üçün hökumətə dekabrın 10-na qədər vaxt verib.

Xatırlatma

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahkar bilinib.

Hüquq müdafiəçiləri prezidentə müraciət edib

Müdafiə Xətti hüquq müdafiə təşkilatı Saleh Rüstəmovun azadlığa buraxılması xahişi ilə ölkə prezidentinə müraciət edib.

Sənəddə deyilir ki, Saleh Rüstəmov Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunub, həbsdə olduğu zaman 13 saylı cəzaçəkmə müəssisəsində aşkar ayrıseçkiçilik zəminində təqib və təzyiqlər altında saxlanılıb.

Saleh Rüstəmlinin aclıq aksiyasına rəsmi qurumların reaksiyası

Saleh Rüstəmlinin aclıq aksiyasına hələlik, Penitensiar Xidmət və başqa aidiyyəti rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Amma Azərbaycanın Ombudsman Aparatının əməkdaşları Milli Preventiv Qrupunun həkim üzvləri iştirakı ilə Saleh Rüstəmli ilə görüş keçirib.

Bu barədə yerli media agentliyi olan Turana Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, S.Rüstəmli vəziyyəti diqqətdə saxlanılır, ailə üzvləri və vəkili ilə mütəmadi görüşləri təmin olunur.