Vəkil Rüfət Səfərovun yas mərasimində iştirakı üçün Penitensiar Xidmətə müraciət edəcək

Rüfət Səfərov (Foto Təzəxan Mirələmlinindir)

"Həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovun nənəsinin yas mərasimində iştirak etməsi üçün fevralın 3-də Penitensiar Xidmətə müraciət ediləcək". Bu barədə vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib.

Rüfət Səfərovun nənəsi Roza xanım fevralın 2-də vəfat edib.

Rüfət Səfərovun atası Eldar Sabiroğlu Facebook səhifəsində yazıb ki, Rüfəti nənəsi saxlayıb.

“Anam son nəfəsində də qoynunda böyütdüyü Rüfəti səslədi. Canını da Rüfət deyərək haqqın dərgahına tapşırdı. Yaşaya bilərdi. Ancaq Rüfətin zindan həyatı onu üzdü. Eybi yox mənim şirin anam, Allah böyükdür...” Eldar Sabiroğlu yazıb.

Keçmiş müstəntiq Rüfət Səfərov parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. Eldar Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Öz növbəsində prokurorluq bəyan edib ki, Rüfət Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

Anam son nəfəsində də qoynunda böyütdüyü Rüfəti səslədi. Canını da Rüfət deyərək haqqın dərgahına tapşırdı. Yaşaya bilərdi. Ancaq oğlum Rüfətin zindan həyatı onu üzdü.
Eldar Sabiroğlu, Milli Məclisin keçmiş deputatı

2016-cı il yanvarın 15-də Rüfət Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. Rüfət Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də əvvəlki fikirlərindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.

9 saylı Cəzaçəkmə Müəssisində saxlanılan Rüfət Səfərovun ailə üzvləri dəfələrlə cəzaçəkmə müəssisəsində Rüfət Səfərovun işgəncəyə, qeyri-insani rəftara məruz qalması, həyatının təhlükədə olması ilə bağlı məlumatlar yayıb.

Rüfət Səfərov hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Penitensiar Xidmət bir qayda olaraq cəzaçəkmə yerlərində işgəncə və qeyri-insan davranışların olması ilə bağlı məlumatları təkzib edir. “Cəzaçəkmə yerlərində insanlar qanunvericilikdə nəzərdə tutulduğu qaydada daxili nizam-intizam qaydalarına uyğun saxlanılır,” Penitensiar Xidmət bildirir.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı fikriləri qəbul etmir.