Xeberman.com saytın həbsdə olan redaktoru Polad Aslanov oktyabrın 5-dən aclıq aksiyasına başlayıb.
Bu barədə Amerikanın Səsinə müsahibəsində vəkil Osman Kazımov bildirib.
Your browser doesn’t support HTML5
Onun sözlərinə görə, jurnalist ona qarşı irəli sürülən ittihamı qəbul etmir və barəsində həbs qətimkan tədbirnin daha dörd ay uzadılmasına etiraz edir.
“Polad Aslanovla saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin isitintaq təcridxanasında görüşdüm. O bildirdi ki, Səbail rayon Məhkəməsinin barəsində həbs qətimkan tədbirinin uzadılması barədə qərarından sonra aclıq aksiyasına başlayıb. Mən ona təkid də etdim ki, aclığı dayandırsın. Amma, o aclığı dayandırmayacağını dedi. O hesab edir ki, heç bir cinayət etməyib və həbsi qanunsuzdur. Aslanovu dövlətə xəyanətdə ittiham edirlər. O özünü təqsirli bilmir. Mənə elə gəlir ki, o hansısa yazısının `güdazına` gedib.”
Vəkil Aslanovun səhhətində hələ ciddi problemlərin yaranmadığını bildirib.
Bununla yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətindən jurnalistin durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.
Oktyabrın 10-da Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında Polad Aslanovla görüşüb. Bu barədə Ombusman Aparatının mətbuat xidməti məlumat yayıb.
"Görüş zamanı Aslanov qida qəbul etdiyini bildirilib.", məlumatda deyilir.
Xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb, növbəti gün məhkəmə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçib. Aslanova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılır.
Oktyabrın 5-də Səbail rayon Məhkəməsi hakim Aytən Əliyevanın sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin müraciəti əsasında jurnalist barəsində həbs qətimkan tədbirinin müddətini daha dörd ay, 2020-ci il fevralın 12-dək uzadıb.
Aslanov ittihamı qəbul etmir, sifariş hesab edir.
Yerli və beynəlxalq təşkilatlar Aslanovun cinayət təqibini pisləyir, onun həbsinin əsl səbəbinin jurnalist fəaliyyəti olduğunu hesab edir.
Öz növbəsində, rəsmi Bakı insanların baxışlarına görə təqib edilmədiyini bildirir. Azərbaycan hökuməti ölkədə bütün fundamental azadlıqların, o cümlədən söz və mətbuat azadlığının təmin edildiyini bildirir.
Bununla yanaşı, Azərbaycan beynəılxalq mətbuat azadlığı indeksində 189 ölkə arasında 166 yerdədir.