Vəkil: Eldar Həsənovun səhhətində təhlükəli problemlər yaranıb

“Keçmiş baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı səfiri olmuş Eldar Həsənovun səhhətində təhlükəli problemlər yaranıb. O, kəskin ağrılardan əziyyət çəkir. Həsənova tibbi yardım göstərilməsi üçün Azərbaycanın Baş Prokurorluğuna bir aydan artıqdır müraciət etməyimizə baxmayaraq, bu günə kimi bizə heç bir cavab verilməyib”.

Bu barədə vəkil Adəm Məmmədov Facebook səhifəsində yazıb.

Vəkil hesab edir ki, belə münasibət Həsənovun fiziki cəhətdən məhv olmasının arzulandığını göstərir.

“Dövlətinə uzun müddət xidmət edən 66 yaşlı şəxsə qarşı bu ədalətsiz və qanunsuz münasibət dünyanın heç bir yerində yoxdur. Hətta bir neçə gün bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Eldar Həsənov ilə görüşmək istəsəm də o, kəskin ağrılarına görə kameradan çıxa bilmədi. Hüquq-mühafizə orqanlarının rəhbərləri gələcəkdə bu kimi ədalətsizliklə qarşılaşmayacaqlarından sığortalanmayıblar. Bu əsrdə belə amansız və qəddar münasibət insanı dəhşətə gətirir,” o qeyd edib.

Baş Prokurorluğun Mətbuat Ximdətindən Amerikanın Səsinə bildiriblər ki, müdafiə tərəfinin vəsatəti əsasında Eldar Həsənovun səhhəti barədə məhkəmə-tibb ekspertizası təyin edilib, verilən rəyə əsasən cinayət işi üzrə hal-hazırda istintaq hərəkətləri davam etdirilir.

Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılır.

Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Avqustun 14-də Bakının Səbail rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.

Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib və hazırda istintaq orada davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2020-ci il iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi xüsusi əməliyyatdan sonra bu nazirliyin 5 vəzifəli şəxsi saxlanılıb. Sonradan həmin şəxslərin hamısı ev dustaqlığına buraxılıb. Yalnız Eldar Həsənovun ev dustaqlığna buraxılması barədə vəsatəti təmin edilməyib.