Vəkil: Eldar Həsənovun ayaqları tutulub, əsa ilə yeriyir

Eldar Həsənov

“Həbsdə olan keçmiş baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olmuş Eldar Həsənovun səhhəti yaxşı deyil. O hazırda yaxşı yeriyə bilmir, ayaqları tutulub, əsa ilə yeriyir. Mədəsində və belində ağrılar var.”

Bu barədə vəkil Adəm Məmmədov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, vəkil kimi istənilən vaxt Həsənovla görüşə bilir.

Məmmədovun dediyinə görə, müstəntiq Eldar Həsənovun oğlundan atasına qarşı ifadə almağa cəhd edib.

“Övladını öz atasına qarşı ifadə verməyə məcbur etmək, insan səhhətinin ən kritik anlarını yaşayan birinin yanına 2 aydır həkimlərin buraxılmasına icazə verməmək nə dinə, nə imana, nə qanunlarımıza sığan kobud qanun pozuntusu ilə yanaşı, böyük bir günahdır,” o, Facebook səhifəsində yazıb.

Vəkil bildirib ki, müstəntiq vəkillərin vəsatətlərinin 96%-ni araşdırmadan, yoxlamadan rədd edir.

“Eldar Həsənova allah səhhətində kömək olsun. O, çox savadlı hüquqşünas kimi özünü sonadək müdafiə edib günahsızlığını sübuta yetirəcək. Müstəntiq deyir ki, mənlik bir məsələ yoxdur, bütün qərarları prokurorluğun rəhbərliyi verir, bunlar ölkə rəhbərliyinin göstərişləridir, mən sadəcə icra edirəm,” vəkil qeyd edib.

Baş Prokurorluğun Mətbuat Ximdətindən Amerikanın Səsinə bildiriblər ki, müdafiə tərəfinin vəsatəti əsasında Eldar Həsənovun səhhəti barədə məhkəmə-tibb ekspertizası təyin edilib, verilən rəyə əsasən cinayət işi üzrə hal-hazırda istintaq hərəkətləri davam etdirilir.

Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılır.

"Vəkilin müstəntiqə istinadən yazdıqları doğru deyil. Müstəntiq elə sözlər deməyib. O kifayət qədər təcrübəli və peşəkardır. İstintaq obyektiv aparılır," Baş Prokurorluğun Mətbuat Xidmətinin əməkdaşı qeyd edib.

Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Avqustun 14-də Bakının Səbail rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.

Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib və hazırda istintaq orada davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2020-ci il iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi xüsusi əməliyyatdan sonra bu nazirliyin 5 vəzifəli şəxsi saxlanılıb. Sonradan həmin şəxslərin hamısı ev dustaqlığına buraxılıb. Yalnız Eldar Həsənovun ev dustaqlığna buraxılması barədə vəsatəti təmin edilməyib.