Vəkil Eldar Həsənovun müalicəsinin dayandırıldığını və ona tibbi yardım göstərilmədiyini bildirib

Eldar Həsənov

"Azərbaycanın keçmiş səfiri və baş prokuroru olan Eldar Həsənovun Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hospitalında müalicəsi dayandırılıb və o, yenidən İstintaq Təcridxanasına köçürülüb, burada ona heç bir tibbi yardım göstərilmir."

Bu barədə vəkil Cavad Cavadov bildirib.

“Azərbaycan Baş Prokurorluğu Həsənov barəsində cinayət işinin məhkəməyə göndərildiyini bildirdikdən sonra o, avqustun 16-da öz vəkili vasitəsilə bəyanat yayıb.

Növbəti gün – avqustun 17-də səhər onun müalicəsi dayandırılıb və heç bir izahat vermədən Həsənovu İstintaq Təcridxanasına qaytarıblar. Bundan sonra heç bir müalicə aparılmır və onun vəziyyəti yenidən pisləşir,” Cavadov Facebook səhfəsində yazıb.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) və Azərbaycan hökuməti arasında Həsənov barəsində Avropa Məhkəməsinin Sağlamlıq vəziyyəti ilə əlaqədar aralıq tədbirlər Qaydalarının 39-cu maddəsinin tətbiq edilməsi ilə bağlı əlaqələr davam etdirilir.

Bu zaman AİHM-də Azərbaycan adından çıxış edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov avqustun 20-də Strasburq Məhkəməsinə yazaraq, Həsənovun hospitalda müalicədə olduğunu və guya “vəziyyəti manipulyasiya etdiyini” iddia edib. Əsgərov AİHM-dən aralıq tədbirləri dayandırmağı xahiş edib.

Vəkilin sözlərinə görə, müdafiə tərəfi AİHM-ə müvafiq cavab göndərib və Strasburq Məhkəməsinin adekvat reaksiyasına ümid edir.

Avqustun 16-da Həsənov bəyanatla çıxış edib və bütün ittihamları təkzib edib, hakimiyyətdə adını açıqlamadığı iki şəxsin ona atdığı böhtanın qurbanı olduğunu bildirib. Həsənov həmçinin istintaqın qərəzli olmasından və ona vaxtı-vaxtında tibbi yardım göstərilməməsindən, nəticədə vəziyyətinin kəskin şəkildə pisləşməsindən şikayət edib.

Bir müddət əvvəl Həsənovun vəkili və yaxınları onun tez-tez huşunu itirdiyini və onurğasında ağır xəstəliklə əlaqədar hərəkət edə bilmədiyini bildirib. İyunun 2-də o, Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında əməliyyat olunub.

Həsənovun bəyanatına və vəkilin açıqlamasına rəsmi qurumlar hələ münasibət bildirməyib.

Eldar Həsənov 2020-ci il avqustun 13-də vəzifə səlahiyyətlərindən sui-istifadədə və büdcə vəsaitindən təyinatına uyğun olmayan istifadədə şübhəli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 3 maddəsi: 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz yolla əldə edilmiş vəsaitin leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 308-1.1 (büdcə vəsaitlərindən məqsədinə uyğun olmayan istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Həsənov Rumıniyada, Serbiyada, Bosniya və Herseqovinada və Monteneqroda Azərbaycanın səfiri vəzifəsində işlədiyi dövrdə vəsaiti mənimsəməkdə ittiham olunur. Söhbət səfirlik binalarının təmiri və alınması zamanı 180 min avrodan çox vəsaitin mənimsənilməsindən gedir.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Baş prokuror vəzifəsindən azad edildikdən sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri vəzifəsinə təyin olunub.