Vəkil Bayram Məmmədovla görüşüb

"Bakının Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası almış və hüquqlarını müdafiə etdiyim Bayram Məmmədovla aprelin 3-də görüşə bildim."

Bu barədə vəkil Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, Bayram Məmmədovla görüş ala bilməməsi ilə bağlı Ombudsman Aparatını məlumatlandırıb.

"Bu barədə Ombudsman Aparatını məlumatlandırdım və yalnız bundan sonra görüşə icazə verdilər, görüş bir saatdan çox çəkdi," o qeyd edib.

Elçin Sadıqov deyib ki, müdafiə etdiyi şəxsin işgəncəyə məruz qalması barədə şikayətinə görə baş prokurora, onun birinci müavininə, Bakı şəhər prokuroruna, Binəqədi rayonu prokuroruna və daxili işlər nazirinə müraciət edib.

Siyasi fəal Bayram Məmmədovun bədənindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılmış təsviri.

"Bayram Məmmədov işgəncəyə məruz qalması barədə izahat yazıb və ekspertizadan keçirilməsini istəyir," vəkil bildirib.

Sosial şəbəkələrdə Bayram Məmmədovun işgəncəyə məruz qalması ilə bağlı onun öz xətti ilə yazıldığı bildirilən izahatının və tərtib etdiyi qrafikin foto-surəti də yayılıb.

Bayram Məmmədov izahatında aşağıdakıları yazıb: “Mənə verilən şifahi suallara cavab olaraq bildirirəm ki, 30 mart 2019-cu il tarixdə barəmdə uydurma məhkəmə qərarı çıxdıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlə Nazirliyinin İnzibati Həbs Olunan Şəxslərin Qaralı Məntəqəsinə gətirildikdən bir neçə saat sonra heç bir qanuni əsas olmadan məni rezin kameraya apardılar. Əllərimi arxadan qandalladılar, Sonradan adının Pənah olduğunu bildiyim, polis və digər beş-altı nəfər polis məni təpik və yumruq zərbələri ilə döyməyə başladılar. Sonra mən müvazinətimi itirdim, yerə yıxıldım. Yerdə məni təpikləməyə və üzümə yumruq zərbələri ilə vurmağa başladılar. Bu, təxminən 30-40 dəqiqə çəkdi. Arada fasilələr verib, niyə peşiman olmadığımı, öz müsahibəmdə bildirdiyimi, niyə Facebook sosial şəbəkəsində onlara görə radikal və aqressiv tərkibli statuslar yazdığımı irad bildirərək döyürdülər. Daha sonra ayaqlarımı da əllərimə qandallayıb, təxminən iki-üç saat ağzı üstə uzatdılar. Xahiş edirəm ki, mənə verilən işgəncə hallarının araşdırılmasına kömək edəsiniz.”

Siyasi fəal Bayram Məmmədovun sosial şəbəkələrdə yayılmış izahatı

​Bu açıqlamaya hələlik, Daxili İşlər Nazirliyi və başqa sözügedən rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bu il martın 17-də əfv sərəncamı ilə azadlığa çıxdıqdan 13 gün sonra polisin qanuni əmrinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs verilən gənc fəal Bayram Məmmədovla vəkilin bir neçə dəfə görüşmək cəhdi baş tutmayıb.

Gənc fəalın ailəsi bildirib ki, aprelin 3-də Binəqədi Müvəqqəti Saxlanma Təcridxanasında Bayram Məmmədovla görüşlərinə imkan verilməyib.

"Getdik Bayramla görüşə, görüş vermədilər. Azuqəni də götürmədilər. Deyirlər ki, Bayrama olmaz, vəssalam," gənc fəalın ailəsindən bildiriblər.

Məmmədovla bağlı Sabunçu Rayon Məhkəməsinin martın 30-da verdiyi inzibati həbs qərarından şikayətə aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədov baxıb. Şikayət təmin edilməyib.

Məmmədov ittihamı qəbul etmədiyini məhkəmənin diqqətinə çatdırıb. O, məhkəmədə saxlanıldıqdan sonra işgəncə ilə üzləşdiyini, döyüldüyünü açıqlayıb. Hakim işgəncə şikayətinin araşdırılması üçün prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.