Volkswagen ABŞ sanksiyalarına əməl edir

Avtomobil şirkəti İrandakı əməliyyatlarının çoxunu dayandırmağa razılıq verib

Birləşmiş Ştatların Almaniyadakı səfiri Bloomberg News-a deyib ki, Volkswagen avtomobil şirkəti ABŞ sanksiyalarına əməl etməyə, İrandakı əməliyyatlarının çoxunu dayandırmağa razılaşıb.

“Bu qərardan məmnunuq, çünki İran iqtisadi resurslarını əhalidən yayındırır, dünyada zorakılıq və sabitsizlik yayır”, səfir Riçard Qrennel sentyabrın 19-da deyib.

Bloomberg VW rəsmilərinin şərh vermək xahişlərini cavablandırmadığını yazır. Reuters isə Ağ Evdən şərh ala bilməyib.

Qrenellin dediyinə görə, ABŞ rəsmiləri və VW sentyabrın 18-də İrandan çıxmaqla bağlı sazişi yekunlaşdırıb.

HUMANİTAR İSTİSNA

Səfir deyib ki, bu alman şirkətinə humanitar əsasda istisna kimi İranda müəyyən biznesini saxlamağa icazə veriləcək.

ABŞ prezidenti Donald Tramp mayda İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını, Tehrana qarşı sanksiyaların bərpa olunduğunu bildirib. Həmin saziş Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Tramp deyirdi ki, bu saziş İranın nüvə silahı hazırlamaq qabiliyyətini önləmir. O, İranın sazişin ruhunu pozduğunu, regionda yaraqlıların fəaliyyətini dəstəklədiyini iddia edirdi.

Tehran isə bu iddiaları rədd edib.

Sanksiyaların bərpası İran iqtisadiyyatını zəiflədib. Milli valyuta rial son aylar digər valyutalara nisbətən kəskin ucuzlaşıb.

Britaniya, Fransa, eləcə də Avropanın digər ölkələri İranda biznes qurmuş Avropa şirkətlərini qorumaq istədiklərini deyir.