Martın 7-də Amerikanın səsində bu münasibətlə tədbir keçirilən tədbirdə ABŞ prezidenti Barak Obama, Dövlət katibi Hillari Klinton və Birmada demokratiya tərəfdarı lideri Aung San Su Çinin video təbrikləri çatdırılıb.
Amerikanın səsinin direktoru Deyvod Ansor yubiley münasibətilə açılmış yeni veb səhifəni təqdim edib. “Bu səhifədə ilk proqramın efirə çıxdığı 1942-ci ildən başlayaraq bu günə qədər Amerikanın səsinin 70 illik tarixi ilə tanış ola bilərsiniz. Burada bizim nailiyyətlərimiz əks etdirilir və eyni zamanda gələcək planlarımız işıqlandırılır. Yeni səhifəmizdə sizin Amerikanın səsi ilə bağlı özünüzün bir əhvalatı varsa, bizimlə bölüşün. Bu, bizim üçün çox mühüm bir dövrdür və tariximizdə bu mərhələni sizinlə bölüşmək istəyirik.”
ABŞ-ın yayım şirkəti olan Amerikanın səsinin ilk verilişi 1942-ci il fevralın 1-də Birləşmiş Ştatların İkinci Dünya müharibəsinə qoşulmasından iki ay sonra efirə çıxmışdır. Alman dilində danışan amerikalı jurnalist Vilyam Harlan Heyl Nyu-Yorkdakı studiyadan qısa dalğalardan yayımlanan verilişi bu sözlərlə başlayıb. “Bu, Amerikanın səsidir. Hər gün bu vaxt biz Amerika və müharibə haqda danışacayıq. Xəbərlər yaxşı, ya da pis ola bilər. Biz sizə həqiqəti deyəcəyik.”
Amerikanın səsinin direktoru Deyvid Enzor bu sözlərin bu günə qədər öz əhəmiyyətini itirmədiyini deyib. Amerikanın səsinin 70 illiyi münasibətilə tədbirdə danışan Deyvid Enzor deyib ki, beynəlxalq yayım agentliyi İran kimi qapalı cəmiyyətlərdə insanlara informasiyanın çatdırılması üçün aktiv şəkildə irəliyə doğru getməyə davam edəcək.
1942-ci ildən bəri Amerikanın səsi hər həftə təxminən 141 milyon insana məlumat çatdıran multi-media xəbər təşkilatına çevrilib. Amerikanın səsi radio, televiziya və internet vasitəsilə dünyanın 43 dilində proqramlar yayımlayır.
Amerikanın səsinin Azərbaycan xidməti bu il 60 illiyini qeyd edəcək. 1953-cü ildə Azərbaycan Cumhuriyyətinin banisi Məhəmmədəmin Rəsulzadə Amerikanın səsi vasitəsilə azərbaycanlılara müraciət etmişdi.
ABŞ hökuməti tərəfindən maliyyələşdirilən Amerikanın səsi Amerikanın Yayım Şurası tərəfindən idarə edilir.