Vladimir Putin: Ümid edirik ki, ən yaxın vaxtlarda bu münaqişə dayandırılacaq

“Rusiya Dağlıq Qarabağda bütün qüvvələri atəşkəsə çağırır.” Bu barədə Rusiya prezidenti Vladimir Putin oktyabrın 7-də, prezidentin doğum günündə “Rossiya 1” və “Rossiya 24” telekanallarına müsahibəsində deyib.

Putin qeyd edib ki, münaqişənin bütün iştirakçıları “bizə yad adamlar deyil”.

"Rusiyada 2 milyona yaxın azərbaycanlı və 2 milyondan çox erməni yaşayır. Çoxlu sayda Rusiya vətəndaşı hər iki respublika ilə sıx dostluq, hətta qohumluq münasibətləri saxlayırlar. İnsanların həlak olması hər iki tərəfdən böyük itkidir, bu, böyük faciədir," o bildirib.

“Ümid edirik ki, ən yaxın vaxtlarda bu münaqişə dayandırılacaq. Lakin əgər birdəfəlik olmasa da, yəqin ki, buna hələ çox var, hər halda biz buna çağırırıq. Mən bunu bir daha demək istəyirəm ki, atəşi dayandırmağa çağırırıq. Bunu mümkün qədər tez etmək lazımdır,” Rusiya prezidenti vurğulayıb.

Rusiya lideri həmçinin xatırladıb ki, Ermənistan KTMT-nin üzvüdür və bu müqavilə çərçivəsində Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var. O, əlavə edib ki, hazırda hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmır.

“Rusiyanın bu müqavilə çərçivəsində öz müqavilə öhdəliklərini yerinə yetirməsinə gəlincə, biz öz öhdəliklərimizi hər zaman yerinə yetirmişik, yetiririk və və yerinə yetirəcəyik,” Putin deyib.

Prezident bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla “daimi işgüzar əlaqədədir” və Rusiyanın öz müttəfiqlik öhdəliklərini yerinə yetirməsilə bağlı Ermənistan rəhbərliyində heç bir sual yaranmır.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi itkilərin olduğu barədə məlumatlar verilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.