Virciniya Biç şəhərinin bələdiyyə binasında atışma - 12 nəfər öldürülüb, 6 nəfər yaralanıb

Virciniya ştatı polisinin verdiyi məlumata görə, Virciniya Biç şəhərinin bələdiyyə binasında olan atışmada 12 nəfər həlak olub, daha altı nəfər yaralanıb.

Şəhərin polis rəisi Ceyms Servera bildirib ki, polis atəş açan şəxsi öldürüb. Həmin şəxs şəhər bələdiyyəsində uzun müddət çalışan “narazı” işçi kimi təsvir edilib.

Serveranın dediyinə görə, silahlı şəxs binanın içində qarşısına çıxan hər kəsin üzərinə atəş açıb.

Şahidlərin sözlərinə görə, atəş açan şəxs Virciniya Biç şəhəri bələdiyyəsinin ikinci binasında, şəhərin ictimai işlər və planlaşdırma idarələrinin yerləşdiyi hissədə çalışırdı.

Servera bildirib ki, yaralananlar arasında polis də var.

Polis rəisi əlavə edib ki, təhqiqat daha yeni başlayıb, amma polis silahlının təkbaşına hərəkət etdiyini güman edir.