Vidadi İsgəndərov 3 il azadlıqdan məhrum edilib

Vidadi İsgəndərov 3 il azadlıqdan məhrum edilib

Vidadi İsgəndərov 2010-cu il parlament seçkilərində namizədliyini irəli sürdüyü 89 saylı Ağdaş-Göyçay dairəsində seçkilərin saxtalaşdırılmasına dair video və maddi sübutları sosial şəbəkələrdə nümayiş etdirib. O seçkilər dövründə yerli və yüksək vəzifəli rəsmi şəxsləri ifşa edən tənqidi çıxışlar edib.

Bu gün Göyçay rayon məhkəməsi hüquq müdafiəçisi Vidadi İsgəndərovun üç il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Vidadi İsgəndərov Cinayət Məcəlləsinin 159.3 (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma), 160.1 (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) və 132-ci (döymə) maddələri ilə təqsirli bilinib.

Turan agentliyinin məlumatına görə, cənab İsgəndərov Azərbaycanda həbs olunan ilk hüquq müdafiəçisidir. Hökm elan olunduqdan sonra o, etiraz əlaməti olaraq arxasını məhkəməyə çevirib. Zalda iştirak edənlər isə “İstefa!”, “Diktatorlara ölüm!”, “Vidadi İsgəndərova azadlıq!” şüarları səsləndirib.

Hökm oxunan zaman hüquq mühafizə orqanlarının əməkdaşları məhkəməni nəzarətə götürüb.

Vidadi İsgəndərov 2010-cu il parlament seçkilərində namizədliyini irəli sürdüyü 89 saylı Ağdaş-Göyçay dairəsində seçkilərin saxtalaşdırılmasına dair video və maddi sübutları sosial şəbəkələrdə nümayiş etdirib. O seçkilər dövründə yerli və yüksək vəzifəli rəsmi şəxsləri ifşa edən tənqidi çıxışlar edib. O müxalifət qüvvələrinin təmsil olunduğu İctimai Palatanın üzvüdür. Müxalifətin 2 aprel aksiyaları zamanı həbs edilib və 10 sutka həbsdə qalıb. Bundan sonra, müxalifətin növbəti mitinqindən 2 saat öncə inzibati qaydada həbs edilib və mayın 2-də barəsində həbs qəti imkan tədbiri seçilib.