ABŞ-ın yüksək səviyyəli rəsmisi Rusiyanın Ukraynada olduqca böyük itkilər verdiyini deyib

ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi bildirib ki, Rusiya Ukraynaya səbəbsiz hərbi müdaxiləyə başlayandan bəri “inanılmaz itkilər verib”. ABŞ dövlət katibinin müavininin köməkçisi Viktoriya Nuland Current Time tele kanalına müsahibə zamanı hərbi müdaxilənin bir aydan çox başladığı vaxtdan bu rəqəmin 10 mindən çox olduğunu deyib.

“Hesab edirəm ki, təəssüf ki, ruslar Ukrayna ordusunun nə qədər güclü olduğunu hələ tam dərk etməyiblər”, Viktoriya Nuland martın 29-da Current Time tele kanalına müsahibəsində deyib.

“Onlar Rusiya tərəfində inanılmaz itkilər verirlər. Bizim hesablamalarımıza görə, 10 mindən çox rusiyalı ölüb”, Nuland əlavə edib.

Rusiya fevralın 24-də hərbi müdaxiləyə başlayandan bəri cəmi iki dəfə itkilərlə bağlı rəsmi rəqəmləri açıqlayıb. Bu rəqəmlər hər dəfə Qərbin və Ukraynanın hesablamalarından xeyli aşağı olub. Rusiya Müdafiə Nazirliyi martın 2-də ölənlərin sayını 498 nəfər kimi göstərib, martın 25-də isə 1351 hərbçinin həlak olduğunu bildirib. Ukrayna rəsmiləri ölən rusiyalıların sayının 17 mindən çox olduğunu bildirir.

Müharibədə itkilərlə bağlı məlumatları müstəqil olaraq təsdiqləmək mümkün olmayıb.

Viktoriya Nuland həmçinin ABŞ-ın Rusiya və Ukrayna arasında martın 29-da İstanbulda keçirilən danışıqları alqışladığını deyib, lakin hərbi əməliyyatlar dayandırılmadan heç bir ciddi danışıqların baş tuta bilməyəcəyini qeyd edib.

“Həqiqi atəşkəs əldə olunmayana qədər ciddi danışıqlar aparıldığını görəcəyimizi düşünmürəm, amma baxıb görəcəyik”, o deyib.

Nuland deyib ki, martın 29-da baş nazirin müavini Aleksandr Fominin elan etdiyi kimi, Moskvanın qüvvələrin yerini dəyişmək qərarı “ukraynalıların Kyiv və onun ətrafı, eləcə də Çerniqov yaxınlığında göstərdiyi şiddətli müqavimətin birbaşa nəticəsidir”.

“Lakin biz bilirik ki, bu, Rusiya qüvvələrinin sadəcə olaraq mövqelərinin dəyişdirilməsidir və onlar Ukraynanın digər bölgələrinə qayıdacaq, onlar Mariupol, Xerson və ölkənin digər hissələrinə zərbələr endirməkdə davam edirlər”, Nuland bildirib.

Qərbin Ukrayna prezidenti Volodimir Zelenskinin əvvəllər Sovet İttifaqının tərkibində olan ölkələrdə mövcud hava hücumundan müdafiə sistemləri ilə bağlı sorğusuna cavab verilib-verilməyəcəyi ilə bağlı suala Nuland əməliyyat təhlükəsizliyi baxımından təfərrüatlara varmadan bildirib: “Mən təsdiq edirəm ki, biz bunu nəzərdən keçiririk və artıq Ukraynanı əhəmiyyətli dərəcədə hava hücumundan müdafiə sistemləri ilə təmin edirik”.

Viktoriya Nuland həmçinin xəbərdarlıq edib ki, Rusiya Ukraynaya qarşı təcavüzünü dayandırmasa, Qərbin daha da ciddi sanksiyaları riski ilə üzləşəcək.