Vətəndaş cəmiyyəti vəziyyətdən çıxış yolu axtarır

Vətəndaş Cəmiyyəti Forumu milli platformasının iclası

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının Vətəndaş Cəmiyyəti Forumu milli platforması bir qrup siyasi məhbusun, o cümlədən bu qurumun üzvləri İntiqam Əliyev, Anar Məmmədli və Rəsul Cəfərovun azad edilməsini alqışlayır. Bu barədə bu gün Milli Platformanın iclasında bildirilib.

Milli Platformanın koordinatoru Əvəz Həsənov qeyd edib ki, ölkədə hələ də bir çox vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün maneələr var. Onların əksəriyyəti işləmir.

Öz növbəsində, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev bildirib ki, bir sıra QHT rəhbərlərinə qarşı cinayət işlərinə xitam verilib, onların ölkəni tərk etmələrinə qoyulmuş qadağalar aradan qaldırılıb. Bundan başqa, bu QHT-lərin və fəalların bank hesablarının açılması haqqında prinsipial qərar qəbul olunub, yaxın günlərdə məhkəmələr bunu təsdiq edəcəklər, deyən Nuriyev məlumatın mənbəyini açıqlamayıb.

O, həmçinin hüquq müdafiəçisi Oqtay Gülalıyevin ölkədən çıxışına qoyulmuş qadağanın aradan qaldırılması və onun oğullarının cinayət təqibinə son qoyulması üzrə tədbirlər görülməsi haqqında məlumat verib.

Bundan başqa, bir sıra beynəlxalq donor QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Azərbaycan QHT-lərinə qrantlar verilməsi haqqında memorandumlar imzalayıblar.

Bu, QHT-lərə qrant verilməsi prosedurlarını asanlaşdıracaq. Bu zaman, Nuriyevin sözlərinə görə, Şura donorların və benefisiarların münasibətlərinə müdaxilə etməyəcək.

Bir sıra donorlar isə birbaşa Azərbaycanda qeydiyyat almaq niyyətindədir.

Daha sonra Nuriyev digər fəalların - İlqar Məmmədovun və AXCP üzvü Asif Yusiflinin azad edilməsi üzrə işlərin davam etdirildiyini bildirib. Bu zaman o, qarşıda İlqar Məmmədovun işi üzrə təkrar məhkəmə prosesinin olduğunu bildirib.

İclasda Vətəndaş Cəmiyyəti Forumunun noyabrın 28-30-da Brüsseldə keçiriləcək 8-ci assambleyasında iştirak üçün ərizə qəbulunun başladığı elan edilib. Ərizələri həm Milli Platformanın üzvü olan QHT-lər (59 təşkilat), həm də yeni təşkilatlar verə bilər. Azərbaycanı 25 nümayəndə təmsil edəcək, onların 60%-i yeni iştirakçılar olmalıdır.

İclas iştirakçıları Forumda fəal iştirakın və ümumiyyətlə bu meydandan Azərbaycan cəmiyyətinin maraqları üçün istifadənin əhəmiyyətini qeyd ediblər. Lakin bunun üçün ölkənin özündə vətəndaş cəmiyyəti güclü olmalıdır.