250 min manat rüşvət

İndoneziya məktəblərində hər səlahiyyətli şəxs öz rüşvət payını alır - birinci hissə (audio)

Bu rüşvəti Vergilər Nazirliyinin iki müfəttişi alıb. Onlar həbs edilib
İki vergi müfəttişi vergi cinayətini ört-basdır etmək üçün 250 min manat (280 min dollar) rüşvət alıb.

Vergilər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatına görə, Vergilər Nazirliyinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi ilə birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Təmir-tikinti sahəsi üzrə Audit İdarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Sultan Kərimov və həmin idarənin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Aydın Allahverdiyev «Neftçi» mənzil-tikinti kooperativinin vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılması zamanı bəyannamələrin düzgün təqdim olunmamasını və digər aşkar olunmuş qanun pozuntularını ört-basdır etmək üçün 300 min manat məbləğində rüşvət istəyib, 29 yanvar 2013-cü il tarixdə həmin kooperativin icraçı direktoru Azər Səfərli və baş mühasibi İlqar Cəfərovdan müəssisənin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisində 250 min manat pulu rüşvət kimi alaraq öz aralarında yarı bölüblər. S.Kərimovun və A.Allahverdiyevin yaşadıqları mənzillərdə aparılmış axtarışlar zamanı müvafiq olaraq 115 min və 125 min manat rüşvət kimi aldıqları pul müəyyən edilərək maddi sübut kimi götürülüb.

Hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.