Sadələşdirilmiş vergi 4 faizdən 2 faizədək endirilir

.

Azərbaycan Vergilər Nazirliyi Vergi Məcəlləsinə düzəlişlərlə bağlı layihəni parlamentə təqdim edib. Sənəd sadələşdirilmiş verginin 4 faizdən 2 faizədək azaldılmasını nəzərdə tutur. Bu barədə vergilər naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, hazırda parlamentin müvafiq komitəsi dəyişiklikləri nəzərdən keçirir və gələn həftə Milli Məclisin plenar iclasında layihənin müzakirəsi gözlənilir.

Mikayıl Cabbarov

Nazir qeyd edib ki, hazırda sadələşdirilmiş vergitutma sistemindən sui-istifadə halları var və bu sistemə düşənlərin dairəsi sadələşdiriləcək.

Digər planlaşdırılmış dəyişikliklər barədə danışan nazir qeyd edib ki, ən vacibi qeyri-neft sektorunda çalışan vətəndaşlar üçün vergi imtiyazlarının tətbiqidir.

Nazir deyib ki, əmək haqqından faiz dərəcələrinin kəskin azaldılması təklif edilir.

"8 min manata qədər əmək haqqı alan vətəndaşlardan 14 faiz mənfəət vergisi ləğv edilir və 8 min manatdan artıq alan vətəndaşlar üçün vergi dərəcəsi 25 faizdən 14 faizədək azaldılır", nazir qeyd edib.

Onun sözlərinə görə, dövlət vətəndaşlara böyük güzəşt edir.

"Dövlət bilərəkdən bu islahatlara gedir. Bir tərəfdən dövlətin gəlirləri azalacaq, digər tərəfdən "kölgə iqtisadiyyatı"nın payı azalacaq. Bu güzəştlər ən yüksək siyasi səviyyədə qərarların nəticəsidir ", Cabbarov bildirib.

Nazir bildirib ki, dəyişikliklər pərakəndə satış sistemində nağdsız hesablaşmadan istifadə edənlər üçün də vergi güzəştlərini nəzərdə tutur.

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli nəzərdə tutulan dəyişiklikləri “inqilabi dəyişiklik” adlandırıb.

“Əmək müqaviləsi ilə çalışan 1 milyon 600 minə yaxın insan var. Onların təqribən 650 minə yaxını məhz qeyri-neft sektorunda, yəni özəl sektorda çalışır. Əvvəllər həmin şəxslər ortalama 14% gəlir vergisi ödəyirdi. Yeni dəyişikliklərə əsasən 8 min manatadək maaş alanlar üçün həmin gəlir vergisi sıfırlanacaq. Əmək haqqı 8 000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14% həcmində olması nəzərdə tutulub. 8 min manatdan yuxarı maaş alan çox cüzi bir kəsim var. Ona görə deyə bilərik ki, dəyişiklik böyük bir kütləyə şamil ediləcək”.

Ekspert hesab edir ki, güzəşt vergisinin ləğv olunmasının yeganə əvəzi kimi vətəndaşlara sosil müdafiə fonduna olan ödənişlərin artırılması nəzərdə tutulub.

“Əvvəllər maaşın 3 faizi Sosial Müdafiə Fonduna köçürülürdü. Dəyişikliklərə əsasən isə 200 manatdan yuxarı maaş alanlar 6 manat üstəgəl maaşlarının 200 manatdan yuxarı olan hissəsinin 10 faizini Fonda ödəniləcək. Gəlir vergisinin ləğv olunması insanların maaşlarında müəyyən artıma səbəb olacaqdısa, fonda olan ödənişlərin artımı bunu kompensasiya edəcək. Yəni dəyişiklik tamamilə vergilərdən azad olunmaq demək deyil.

Daha aydın olması üçün bir misal da çəkək.

Azərbaycanda ortalama maaş 560 manata yaxındır. Bu rəqəmi 500 manat götürək. 500 manat maaş alan işçi gəlir vergisindən tamamilə azad olunacaq. Amma 200 manata görə Sosial Müdafiə Fonduna ödədiyi 6 manat + 300 manatın 10%-i 30 manat, toplamda 36 manat Fonda pul ödəyəcək. Ancaq yenə də, güzəştli vergilərin ləğvi, insanların cibində bir qədər artıq pul qalmasına səbəb olacaq”.

Cəfərli qeyd edib ki, fonda ödənişlərin artımın əsas səbəbi də gələn il bu qurumun tamamilə dövlət büdcəsindən ayrılmasının nəzərdə tutulmasıdır.

“Bu, 2012-ci ildə baş verməli idi, ancaq maaşların rəsmiləşdirilməsi prosesində problemlər yaşandığı üçün baş vermədi. Fonda dövlət büdcəsindən ayrılan vəsaitlər azaldılacaq, əvəzində vətəndaşlardan tutulan vəsaitlər artırılacaq.

Güzəştli vergilərin ləğvinin təbii ki, büdcəyə təsiri olacaq. Ancaq ciddi bir dəyişikliyin olması gözlənilmir. Dövlət büdcəsinə təqribən 150 milyon manat az vergilər şəklində vəsait daxil olacaq. Ancaq fonda 70-80 milyon əlavə vəsaitin daxil olması gözlənilir. Bu da, az da olsa ödənişləri kompensasiya edəcək”.

Qeyd edək ki, işçinin aldığı əmək haqqı 200 manatdan çox olarsa, o zaman işçi 6 manat + 200 manatdan artıq məbləğin 10%-i miqdarında sosial sığorta haqqı ödəyəcək. Bu halda işəgötürən 44 manat + 200 manatdan artıq məbləğin 15%-i miqdarında sığorta haqqı ödəyəcək.