Venesuelada seçki kampaniyası final mərhələyə daxil olub

Venesuelada prezidentliyə namizədlər bazar günü keçiriləcək seçkilər ərəfəsində nümayişlərə qatılıblar. Çərşənbə günü hər iki namizədin minlərlə tərəfdarı küçələrə çıxıb.

Prezident vəzifəsini icra edən Nikolas Maduro Truhillo ştatında seçicilər qarşısında çıxışı zamanı bu siyasi bloku təmsil etmiş mərhum prezident Uqo Çavesin sosializm yolunu davam etdirəcəyinə söz verib.

Müxalifətin namizədi Enrike Kapriles Zulia ştatındakı tərəfdarlarına Çaves islahatlarının iqtisadiyyata mənfi təsir göstərdiyini deyib və yeni bizneslər yaradılması yolunda iş aparacağına söz verib.

Son ictimai rəy sorğuları Maduronun Kaprilesi arxada qoyduğunu göstərir. Kapriles keçən ilin oktyabr ayında kleçirilən seçkilərdə Uqo Çavesə məğlub olmuşdu.

Venesuelanın xarizmatik prezidenti Uqo Çavez ötən ay xərçəng xəstəliyi ilə uzun mübarizədən sonra vəfat etdi. O, Venesuelanı 14 il idarə edib.