Vaşinqtonun Katolik Kilsəsi cinsi istismarda ittiham olunan 28 sabiq ruhaninin adını açıqlayıb

Vaşinqtonun Katolik Kilsəsi 1948-ci ildən bəri “etibarlı” cinsi qısnama ittihamları ilə üzləşən 28 sabiq ruhaninin adını açıqlayıb.

Arxiyepiskopluq bu siyahını kardinal Donald Vorlun göstərişi ilə hazırladığını bildirib. Pensilvaniya münsiflər məhkəməsi Kardinal Vorlun Pittsburqun yepiskopu olduğu müddətdə cinsi istismarda ittiham olunan keşişlərin başqa vəzifələrə təyin olunmasına icazə verdiyini bildirən hesabat açıqlayandan sonra, o ötən həftə istefasını elan edib.

“Məncə bu qəbuledilməzdir ki, o zaman yepiskop, indi isə kadinal olan Vorl Pittsburq arxiyepiskopluğuna başçılıq edərkən sistematik şəkildə cinsi istismar hallarınında iştirak edib, onları gizlədib, indi isə heç bir nəticə ilə üzləşmədən təqaüdə çıxa bilir” – deyə, Pennsilvaniya ştatının baş prokuroru Çoş Şapiro bildirib.

Hesabatda Vorlla yanaşı bir neçə başqa yepiskop da on illər ərzində yüzlərlə keşişin cinsi istismar hallarını gizlətməkdə ittiham olunub.

Vaşinqtonun bundan öncəki arxiyepiskopu kardinal Teodor MakKarrik də uşaq və böyüklərə qarşı cinsi istismarda ittiham olunmuş və bu səbəblə iyun ayında vəzifəsindən kənarlaşdırılmışdı. MakKarrik daha sonra istefa verdi.