Vaşinqtonda 4 İyul Amerikanın Müstəqillik Günü münasibətilə tədbirlər əvvəlki illərdən fərqli keçir. Bu il ABŞ prezidenti Donald Tramp Linkoln Memorialı qarşısında nitq söyləyəcək. Paytaxt küçələrində tankların paradı və Vaşinqton üzərində təyyarə uçuşları keçiriləcək. Bəzi amerikalılar bu planları bəyənsə də, başqaları Amerika prezidentini bu il 4 İyul təntənələrini 2020-ci il seçki kampaniyasının bir hissəsinə çevirməkdə ittiham edirlər.
Döyüş tankları, zirehli texnika və paytaxt üzərində təyyarə uçuşları adətən 4 İyul tədbirlərinə daxil edilmir. Adətən prezident də bu gün nitq söyləmir. Lakin prezident Tramp Müstəqillik Gününü “bənzəri olmayan” şəkildə keçirmək və ABŞ hərbi qüvvələrini şərəfləndirmək istəyir. Tənqidçiləri onu amerikalıları birləşdirən bir bayram gününü siyasiləşdirməkdə ittiham edir. Lakin bəzi amerikalılar bu gün prezidenti görə bilmək imkanını alqışlayır.
Con Viql, Kanzaz ştatından turist.
“O prezidentdir və onun xalqla danışmaq kimi bir vəzifəsi var. Əgər onun istədiyi odursa və o bunu Linkoln Memorialı qarşısında etmək istəyirsə, mən bunun tərəfdarıyam.”
2017-ci ildə Parisdə olarkən Bastiliya Günü münasibətilə parad Trampda böyük təsir yaratmış və o, Vaşinqtonda belə bir paradan keçirilməsini istəmişdi. Keçən həftə Yaponiyada G-20 sammitində Rusiya prezidenti Vladimir Putin Trampı Moskvada Qızıl meydanda 2020-ci ildə İkinci Dünya Müharibəsində qələbənin 75 illiyi münasibətilə keçiriləcək parada dəvət edib. Putinin müşaviri Yuri Uşakov Trampa təklifə maraqla yanaşdığını deyib.
Yuri Uşakov, Putinin müşaviri.
“Bz Birləşmiş Ştatlar prezidentini gələn il mayın 9-da İkinci Dünya Müharibəsində qələbənin 75 illiyi münasibətilə parada dəvət etdik. ABŞ prezidenti buna müsbət reaksiya verdi.”
Bəzi amerikalılar hərbi paradın vergi ödəyənlərə nəyə başa gələcəyini sual edir və Trampın hərbi qüdrətini nümayiş etdirilməsi zövqünü bəyənmirlər.
Opponentlərə Milli xiyabana prezidentin Londona səfəri zamanı nümayiş etdirilən “Baby Tramp” şarını gətirmək icazəsi verilib. Vaşinqtonu ziyarət edən turistləri daha maraqlı əyləncələr gözləyir.
Ceyson Ballard, Missuri ştatından turist.
“Biz Missuri ştatının Kanzas siti şəhərindən üç həftəyə buraya gəlmişik. Bu dəfə 4 İyul günündə atəşfəşanlığa baxmaq istəyirik.”
Vaşinqtonda 4 İyul atəşfəşanlığı Amerikada ən möhtəşəm atəşfəşanlıq hesab edilir. Tramp bu il bu təntənələrin daha möhtəşəm olacağına söz verib.