Vaşinqton Küçə Festivalı

Your browser doesn’t support HTML5

Vaşinqton camaatı yayın son günlərini şəhərin mərkəzi küçələrində qurulan festivalda keçirir. 2010-cu ildə etibarən hər yay qurulan alış-veriş bazarı və ya küçə festivalı tarixi Düpond meydanında yerləşən 17ci küçədə baş tutur. Bu meydan Vaşinqton şəhərinin ən turistik məkanlarından biridir. 17-ci küçə festivalından başqa, Düpond meydanında il boyu bir sıra fərqli mədəni tədbirlər keçirilir.

Şəhərin mərkəzində 100-dən çox kiçik biznes sahibi və 60-dan çox rəssam, dizayner öz məhsullarını bu festivalda satışa və nümayişə çıxardır. Açıq hava stendlərində müxtəlif cür hədiyəlik əşya satılır. Bu festivalda nümayiş olunan məhsulların hamısı yerli sənətçilər tərəfindən hazırlanıb. Öz autentikliyi ilə seçilən Vaşinqton festivalında ucuz, keyfiyyətsiz mallara rast gələ bilməzsiniz. Satılan əşyaların böyük hissəsində Vaşinqtonun simvollarına rast gəlmək olar. Belə festivallar paytaxtda yaşayan yerli sənətçilərin Nyu York və ya Kaliforniyadakı sənətçilərdən heç də geri qalmadığını göstərir. Tədbirin əsas məqsədi də gənc, yaradıcı yerli sənətçilərə və kiçik biznes sahiblərinə imkan yaratmaqdır.

Bundan başqa bu festival siyasətçilər, qeyri-hökumət təşkilatları və müxtəlif humanitar yardım qurumlarının da səsini duyuran meydan rolunu oynayır. Paytaxt insanları yay tətillərində də ciddi məsələləri müzakirə etməyə biganə qalmır.

Festivalın təşkilatçıları uşaqları olan ailələri də diqqətə alaraq 17-ci küçədə uşaqlar üçün oyun zonası düzəldib. Həmçinin, bütün gününü festival ərazisində keçirmək istəyənlər oradaca yemək yeyə bilər.

Paytaxtlıları festival boyu fərqli musiqi performansları da gözləyir. Bu ilki tədbirdə caz ustalarının ifasından tutmuş, Çin ritm qrupuna, flamenco rəqslərinə qədər müxtəlif parçalar səslənib. 17-ci küçənin çoxetnik ruhuna uyğun olaraq səhnədə dünyanın dörd bir yanından gələn sənətçilər yer alıb.