Vatikanda siqaret satışı qadağan olunur

Papa Fransis Vatikan hüdudları daxilində siqaret satışının qadağan olunmasına göstəriş verib. Sözçü bu qərarı ictimai sağlamlığın qorunması amacı ilə əsaslandırıb.

“Motiv çox sadədir. Müqəddəs İqamətgah insanların sağlamlığına aşkar şəkildə ziyan vuran praktika ilə əlbir ola bilməz,” sözçü Greg Burke bildirib.

Heç bir qazanc insan həyatı bahasına başa gəlməməlidir.

O, Dünya Səhiyyə Təşkilatının statistikasına istinad edərək ildə 7 milyon adamın siqaret çəkmək nəticəsində öldüyünü deyib.

Siqaretlər indiyədək Vatikan işçilərinə və pensionerlərə endirimlə satılıb.

Vatikan işçilərinə ayda 5 karton siqaret almağa icazə verilir. Bir çox italyanlar Vatikanda işləyən, ancaq siqaret çəkməyən tanışlarına siqareti oradan almağı xahiş edirlər. Belə ki, Vatikanda satılan siqaretlər İtaliyanın yerdə qalan hissəsində olduğundan xeyli ucuzdur.

Burke etiraf edib ki, siqaret satışları indiyədək dövlət büdcəsi üçün gəlir mənbəyi olub.

Siqaret çəkmək vərdişi ildə 7 milyon adamın həyatına son qoyur.

“Ancaq heç bir qazanc insan həyatı bahasına başa gəlməməlidir,” sözçü deyib.

Katolik kilsəsinin baş qərargahı sayılan Vatikan Roma şəhəri hüdudlarında yerləşən cırtdan dövlət olaraq divarlarla əhatə olunub. O, azsaylı dövlətlərdəndir ki, siqaret satışını qadağan edir.

2005-ci ildə siqaretin pis karma olduğunu əsas gətirən Bhutan rəsmiləri həmin ölkədə siqaret satışına qadağa qoyublar.